"Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır."

BAKU.WS-in məlumatına görə bu barədə virtualaz.org saytı məlumat yayıb.

Məlumata görə, bir çox Kütləvi İnformasiya Vasitələri dünən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bəzi əməkdaşlarının həbsi və xüsusi xidmət orqanları işçilərinin kabinetlərində xüsusi əməliyyat keçirilməsi barədə informasiyalar yayıb.

Məlum olub ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər.

Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar.

Saxlanılan şəxslər hazırda elə MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir.

Baş Prokurorluğun istintaq qrupu isə MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlayıb. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar.

Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.

 

BAKU.WS