VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"AAAF Park” Yaşayış Kompleksinin sakinləri işıq və suyun kəsilməsinə görə etiraz aksiyası keçirib. 
 
BAKU.WS-ə müraciət edən kompleks sakinləri 2 gündür ki, işıqsız və susuz qaldıqlarını deyir. Sakinlərdən biri Dadaş Musayev deyir ki, 2013-cü ildən "AAAF Park"la müqavilə imzalayıblar:
 
"Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsində 12 binadan ibarət kompleksdə yalnız 6 binada yaşayış var. Binalar əlaqədar dövlət qurumları tərəfindən lisenziya almayıb. Çünki tam təhvil verilməyib. Bu səbəbdən "Azərişıq", "Azərsu" və "Azərqaz" tərəfindən sayğaclaşma prosesi getməyib. "Azərişıq" işığı şirkətə satır. Şirkət isə öz növbəsində binalara istifadəsinə icazə verilməyən mexaniki sayğaclar quraşdırıb. İşığa bəzi sakinlərin ümumilikdə 6 min manata yaxın borcu yaranıb".
 
Nazarı sakin "Azərişıq" tərəfindən məsələyə qiymət verilmədiyini bildirib: "Bizə deyirlər ki, biz sizi tanımırıq, sizinlə müqaviləmiz yoxdur. Şirkətin isə borcu daha çoxdur. Bu səbəbdən işıqlarımızı kəsiblər. İşıqlar kəsildiyi üçün su da avtomatik kəsilir. Qaz isə ümumiyyətlə çəkilməyib".
 
"AAAF Park” Yaşayış Kompleksinin rəhbərliyi ilə məsələni həll edə bilməyən sakinlər icra hakimiyyətinin qarşısına toplaşıb. Ancaq orada da suallarına cavab tapa bilməyən sakinlərin son pənah yeri "Azərişıq" olub. Nəhayət uzun müddət danışıqlardan sonra işıqları müvəqqəti də olsa yandırıblar. Ancaq işığın verilməsi çox şəkməyib və səhər saatlarından yenidən işığın verilməsi dayandırılıb.

Bundan başqa, şirkətdən sakinlərə bildirilir ki, pul olmadığı üçün bəzi problemləri tam aradan qaldırmaq mümkün deyil: "Bəzi binalarda lift yoxdur. Yaşlı, uşaqlı, qadın piyada 12 mərtəbəni qalxmağa məcburdur. Şaxtalar, elektrik şitləri açıq vəziyyətdədir. Təhlükəsizlik qaydalarına əməl olunmur", - deyə Dadaş Musayev əlavə edib. 
 
Nazim Babayev
BAKU.WS