SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı Azərbaycan Dövlət Pantomima Teatrını məhkəməyə verib. İşə Bakı İnzibati Məhkəməsində baxılacaq. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
 
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevlə əlaqə saxlanılıb. Onun sözlərindən aydın olub ki, dövlət qurumu ilə məhkəmə çəkişməsinin kökündə teatrın kadrlar şöbəsinin keçmiş mütəxəssisi Aytən Kərimovanın cinayət işi dayanır.
 
Elman Rəfiyev bildirib ki, 322 min manat mənimsədə ittiham edilən Aytən Kərimova barəsindəki cinayət işinin məhkəmə istintaqı hələ davam edir:
 
"Aytən Kərimova teatra küllü miqdarda ziyan vurduğu üçün korrupsiya işi açılıb. Həmin iş bu gün də davam edir. Qız həmin pulu köçürüb. Hazırda Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və Pantomima Teatrı ilə birlikdə pulun Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi prosesi gedir".
 
Elman Rəfiyev prosesin iki ilə yaxındır davam etdiyini qeyd edib:
 
"Mən özüm nazirliyə məlumat verdim, yoxlama ilə bağlı nümayəndə çağırdım. Qız da etiraf etdi ki, bu boyda yeyintiyə yol verib. Götürülən məbləğ DSMF-yə köçürülməli puldur. Yəni mənimsənilən 332 min 156 manat DSMF-yə köçürülməlidir. Hazırda həmin məbləğin geri qaytarılması ilə məşğuluq. Məhkəmə də bununla bağlıdır. Pantomima Teatrı olaraq biz bu prosesdən alnıaçıq çıxdıq".
 
Qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar şöbəsinin mütəxəssisi Aytən Kərimova 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə -külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb. Aytən Kərimova 2019-22-ci illərdə bu vəzifədə çalışıb.
BAKU.WS