DİN 12 yaşında nişanlanan qızın durumunu nəzarətdə saxlayacaq - YENİLƏNİB + VİDEO

DİN 12 yaşında nişanlanan qızın durumunu nəzarətdə saxlayacaq - YENİLƏNİB + VİDEO
Video
Hadisə 3

Sabirabad rayonunda 12 yaşlı yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.

*** 15:21

Mil-Muğan Regional Təhsil İdarəsi 12 yaşında nişanlandırılan məktəbli ilə bağlı məsələyə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, İdarədən APA-ya bildirilib ki, sosial şəbəkələrdə nişan görüntüləri yayılan 12 yaşlı Q. E. Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin VII sinif şagirdidir:

“Şagirdin dərsə davamiyyəti ilə bağlı hər hansı bir problem yoxdur. Şagird hər gün dərslərdə iştirak edir. Onu da qeyd edirik ki, məktəbin rəhbərliyi sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına aidiyyəti üzrə məlumat verib”.

*** 13:54

Sabirabad rayonunun Məmişli kəndində yeniyetmə qızın evliliyə cəlb olunması ilə bağlı mətbuatda yayılan məlumat Ombudsman Aparatı tərəfindən araşdırılıb.

Qurumdan verilən məlumata görə, məsələ Ombudsman tərəfindən nəzarətə götürülüb.

Azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib.

Ombudsman Aparatının aidiyyəti struktur bölməsi tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri, erkən evliliyin fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

***10.37

“Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. Faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb”.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və polis əməkdaşlarının iştirakı ilə ailə ziyarət edilib:

“Ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onlara izah edilib. Lakin buna baxmayaraq, ailə başçıları qeyd ediblər ki, burada heç bir təzyiqdən söhbət gedə bilməz, qız özü qərar verib.

Nəzərə alsaq ki, qızın 12 yaşı var və o, bu yaşda nişan və ya evlənmək istəyinə necə qərar verə bilər?

Yekun olaraq ailə başçıları qızın 18 yaşı tamam olana qədər toy mərasiminin keçirilməyəcəyinə dair yazılı izahat veriblər. Əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə komitəmiz, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılacaq.Baş verənlər qızın psixologiyasına mənfi təsir göstərməsin deyə mərkəzin psixoloqları onunla tez-tez görüşəcək, söhbət edəcəklər”.

Xatırladaq ki, ötən gün “Xəzər” televiziyasının əməkdaşları sözügedən ailənin evində çəkiliş edərkən hücuma məruz qalmışdılar.

Son xəbərlər