1988-1989-cu illərdə azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər tədqiq olunub

1988-1989-cu illərdə azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər tədqiq olunub
Hadisə 23

0Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 8-də davam etdirilib.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də azərbaycanlılara məxsus QAZ-21 markalı dövlət qeydiyyat nişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki, həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev, Ş.B.Salmanova və onun azyaşlı övladı olub.

Növbəti sənədlər Armen Qriqoryeviç Sarkisyanın odlu silah və partlayıcı qurğu əldə edərək saxlaması, Artur Aşotoviçi Saiyanın partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zenfira Babur qızı Abbasova ifadəsində göstərib ki, iki oğlu ilə birlikdə Xankəndi şəhərində yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz qalıb. "Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı" şüarları səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb getmələrini bildiriblər. Yaşadığı binanın sakini Slavik Ayrapetyan bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev dağıdılıb.

Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da Şuşada, Xankəndidə və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı üzrə olub.

Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar üzrə elan olunan sənədlərdən birinə əsasən şahid qismində dindirilmiş Yuriy Osipoviç Cahangiryan ifadəsində göstərib ki, Qarabağ İpək kombinatında "partorq" vəzifəsində işləmiş Robert Setrakoviç Koçaryan "Krunk" adlanan erməni təşkilatının fəal üzvlərindən birinə çevrilərək azərbaycanlılara qarşı milli ədavət və düşmənçiliyin təbliğatını aparmağa başlayıb. O qeyd edib ki, R.Köçəryan azərbaycanlıların qovulması və Qarabağın Ermənistana birləşdirilməsi üçün mitinqlər, yığıncaqlar təşkil edib, işlədiyi kombinatda azərbaycanlı əməkdaşlara qarşı hədə-qorxu gələrək təhqir edib, onların işdən çıxarılmasını həyata keçirib və azərbaycanlı əməkdaşların işdən çıxarılmasını kombinatın erməni olan digər vəzifəli şəxslərindən tələb edib.

Məhkəmədə Şuşa şəhərini blokadaya salmaq məqsədilə 1989-cu il oktyabrın 7-də Xankəndi-Şuşa avtomobil yolunun 14-cü kilometrliyində körpünün partladılması, 1990-cı il fevralın 18-də Yevlax-Laçın yolu ilə hərəkətdə olan "İkarus 250/59" avtobusunun partladılması, nəticədə sərnişinlərin xəsarət alması faktları ilə bağlı sənədlər də elan edilib.

Növbəti sənədlər Hadrut rayonunun Tuğ kənd orta məktəbinin yaxınlığında azyaşlı Teyyub Fərrux oğlu Süleymanovun öldürülməsi, Mirəli Əlislam oğlu Şahbazovun, Oqtay Cahangir oğlu Zeynalovun, İlham Yunis oğlu Məmmədovun, Vilayət Səfər oğlu Adgözəlovun, Bulut Hüseynalı oğlu Əmiraslanovun xəsarət almaları, 1989-cu il noyabrın 3-də Şuşa rayonunda Ermənistana məxsus "Mi-8" markalı mülki helikopterdə silah-sursat (hərbi geyim, partlayıcı maddə, odlu silah və hərbi təyinatlı müxtəlif əşyalar) aşkar edilməsi, Qafan stansiyasından Şayıflı stansiyasına (Zəngilan rayonu - red.) gələn 23527 nömrəli sərnişin-yük qatarının Qafan stansiyasının 36-cı kilometrliyində odlu silahdan atəşə tutulması, Göygöl rayon daxili işlər şöbəsinin Çaykənd zonası üzrə baş sahə müvəkkili, milis kapitanı Mətləb Misir oğlu Abışovun öldürülməsinə cəhd edilməsi, Eldar Xıdır oğlu Aslanovun və Müşfiq Rəşid oğlu Mustafayevin xəsarət almaları, Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində partlayıcı qurğu atılması, Sakin Sakit oğlu Abbasovun və Şahbaz Mürsəl oğlu Quliyevin öldürülmələri, Nəriman Bəhman oğlu Vəliyevin girov götürülməsi faktları ilə bağlı olub.

Elan olunan sənədlərdən bir neçəsi 1990-cı il yanvarın 12-də Todan kəndinə silahlı basqın edilməsi faktı üzrə olub. Qeyd edilib ki, həmin gün saat 17 radələrində Ermənistan qüvvələri tərəfindən helikopterdən istifadə etməklə və piyada Ağcakənd qəsəbəsinin Todan kəndinə silahlı hücum edilib. Dinc əhalinin gülləbaran edilməsi nəticəsində Xanlar adına kolxozun idarə heyətinin sədri Əliqara Əliaslan oğlu Əlihüseynov, Abbasqulu Əzim oğlu Məmmədov, Ruzigar İmran oğlu Qasımov və Bəxtiyar Nadir oğlu Əliyev hadisə yerində ölüb, daha bir neçə nəfər yaralanıb.

Növbəti sənədlər Xankəndi aeroportunda təyyarə (havaya Yerevan şəhərindən qalxıb) yüklərinin arasından silah-sursatın aşkar edilməsi, Neman Əli oğlu Vəliyevin öldürülməsi, Sədərək kəndinin atəşə tutulması nəticəsində bir neçə nəfərin öldürülməsi, Eldəniz İlham oğlu Əliyevin, Bilal Əbülfəz oğlu Verdiyevin, Sahib Cəmil oğlu Məmmədovun girov götürülərək 6 gün qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və onlara işgəncə verilməsi faktları ilə bağlı olub.

Bundan başqa, məhkəmədə Qazax rayonunun Bağanıs Ayrım kəndinə basqın edilməsi faktı üzrə bəzi fotoşəkillər nümayiş etdirilib. Qeyd edilib ki, həmin hadisə üzrə sənədlər əvvəlki məhkəmə iclaslarında tədqiq edilib, zərərçəkmişlər ifadə verib.

Məhkəmə prosesi sentyabrın 11-də davam etdiriləcək.

Oxşar xəbərlər

Abşeronda iynə vurulan şəxs öldü: Həkim səhlənkarlığı İDDİASI

Abşeronda iynə vurulan şəxs öldü: Həkim səhlənkarlığı İDDİASI

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yoxlamaq üçün antibiotik vurulan şəxs şoka düşərək ölüb. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Göyçay rayon sakin...

187 Hadisə 23:51 08 sentyabr 2025

Son xəbərlər