VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ictimai nəqliyyatda sürücünün qəfil əyləci basması jurnalistin xəsarət alması ilə nəticələnib.

BAKU.WS bizim media-ya istinadən xəbər verir ki, bu barədə Gün TV-nin təsisçisi Mehriban Sadıqova "Facebook" hesabında paylaşım edib.

Onun sözlərinə görə, xəsarət alandan sonra sürücü ona qarşı laqeyd və etinasız münasibət nümayiş etdirib:

"Ötən gün saat 9:30 radələrində Maştağa qəsəbəsindən M8 saylı 99JO 671 nömrə nişanlı avtobusa sərnişin kimi minmişdim. Avtobusda sıxlıq idi və orta qapıdan arxa istiqamətdə söykənəcəkdən tutub dayanmışdım. Zabrat qəsəbəsini keçdikdən sonra üzü şəhər istiqamətində qəfildən avtobus sürücüsü əyləci basdı. Ayaq üstə olan sərnişinlər hamı müvazinətini itirdi. Mən yıxıldım və digər sərnişinlər də üstümə yıxıldı. Bir neçə dəqiqə yerdən qalxa bilmədim və sonradan sərnişinlərin köməyi ilə oturacaqda əyləşdirildim. Telefonlarımın hərəsi bir istiqamətə düşdü və hər ikisi zədələndi. A52 modelli telefonum sındı. Sürücü isə heç nə olmamış kimi yoluna davam etdi".

Mehriban Sadıqovanın sözlərinə görə, sürücü xəsarət alan sərnişinlərə nəinki yardım göstərib, avtobusu belə saxlamayıb:

"Qarşıdakılar onun qarşısına nəsə çıxdığı üçün əyləci basdığını söylədilər. Hər bir halda məsafə gözləməli idi. Heç olmaya sərnişinlərin yıxıldığını görüb avtobusu kənara verib saxlamalı və ilk tibbi yardımı göstərməli idi. Bunları etmədiyi üçün 102 qaynar xəttinə yığıb məlumat verdim və sonuncu dayanacağa polis əmədakdaşlarının gəlmələrini istədim.

Ayağımda kəskin ağrılar olduğu üçün təcili tibbi yardıma zəng vurdum. Sonuncu dayanacaqda ayağımı sürüyə-sürüyə avtobusdan düşdüm. Sürücü yenə də heç nə olmamış kimi öz yoluna davam etdi. Təcili yardım məni Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna apardı. Rentgen müayinəsindən keçdim, şükür ki, sınıq aşkarlanmadı. Amma ayağım əzilmişdi və sarğı sarıdıqdan sonra evə qayıtdım. Rayon polis bölməsinin əməkdaşları evdə izahatımı aldı. Hadisədən asılı olmayaraq sürücünün bu laqeydliyi və üstəlik "əcəb etmişəm" deməsi onlara verilən arxayınlığın nümunəsi deyilmi?"

Jurnalist başağrısı və ürəkbulanması olduğu üçün bu gün müayinəyə gedəcəyini də qeyd edib. Qeyd edək ki, M8 Maştağa-Gənclik metrostansiyası istiqamətində hərəkət edir.

BAKU.WS