SİZİN REKLAM BURADA!
055 213 76 73


Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 14 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasında aparılır.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

Xəsarət alan şəxslərin müalicələri tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində aparılır. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

Xəstəxanaya yerləşdirilən 2 nəfər isə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə təxliyyə edilir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

***20:55

Baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib.

Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

Xatırladaq ki, Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb.

10 0F 572 nömrəli "Mercedes" markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı "Chevrolete" markalı avtomobili ötmək istəyərkən toqquşub.

Hadisə nəticəsində mikroavtobus sürücüsü idarəetməni itirərək maşını aşırıb.

BAKU.WS