SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün gecə baş verən ağır yol qəzası ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov açıqlama verib.

BAKU.WS xəbər verir ki, ekspert qəza zamanı təhlükəsizlik kəmərinin insan həyatı üçün çox əhəmiyyətli olduğunu bildirib.

“Bu avtomobil dünən gecə Bakı-Sumqayıt yolunda arxadan başqa bir minik avtomobilinə çırpılıb. Digər avtomobilin qəza dayanması etdiyi deyilir (məlumat xəbər portallarında yer alıb). Hər bir halda keçmiş olsun. Fotoda avtomobilin alın şüşəsinin sağ tərəfinə diqqət edin.

Bu, sərnişinin başının alın şüşəsinə çırpılmasından yaranan xarakterik əzikdir və sərnişin kəmər bağlamayanda avtomobil qəflətən maneəyə dəyib dayandıqda yaranır.

Sərnişin xüsusi hazırlıqlı idmançı olsa da, zərbəni gözləsə də, əgər kəmər bağlamayıbsa, yenə də başının alın şüşəsinə çırpılması qaçılmaz olur.

Belə çırpılma isə ciddi kəllə-beyin travması, bəzən başın əzilməsi və ölüm deməkdir. Bunun nəticəsində sadəcə maddi ziyan yox, həm da sağlamlığa zərər dəyir.

Həm də inzibati xəta sayıla biləcək hadisə cinayət xarakterli yol-nəqliyyat hadisəsinə çevrilir (sürücülərdən hansısa hadisədə təqsiri olarsa, artıq cinayət məsuliyyətinə cəlb edilir).

Ona görə də sərnişinlər də təhlükəsizlik kəmərini bağlamalıdır. Sürücü isə sərnişindən kəməri bağlamağı tələb etsə, bunun zəruriliyini ona anlatsa, yaxşı olar. Bununla sürücü həm də özünü daha ciddi məsuliyyətdən sığortalamış olur”, - deyə ekspert bildirib.

Qeyd edək ki, qəza şossenin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

10 MY 551 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobil yüksək sürətlə “Opel” markalı avtomobilə çırpılıb. Sonuncu nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

“Mercedes”də olan bir nəfər xəsarət alıb. “Opel” markalı avtomobilin sürücüsü bildirib ki, sükanı arxasında olan nəqliyyat vasitəsi nasaz vəziyyətdə yolda dayanıb. Buna görə də qəza işıqlarını yandırıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

BAKU.WS
VİDEO