VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Yerli KİV-lərdə və sosial şəbəkələrdə aprel döyüşlərində şəhid olan hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadənin atasının çətin durumda olması ilə bağlı xəbərlər yer alıb. Məlumata görə, şəhid atası Kamran Adilzadə banka olan kredit borcunu ödəməkdə çətinlik çəkir. 

AzVision.az Kamran Adilzadə ilə əlaqə saxlayıb. Şəhd atası bildirib ki, ötən il yanvar ayında "Azərkredit” bank olmayan kredit təşkilatından 1300 dollar kreditə pul götürüb. 

"1 il 4 aydır ki, pul ödəyirəm. Yenidən müqavilə bağlanılıb ki, 1240 manat borcum var. Bildirilər ki, 1240 manatın üzərinə faiz gəlmir. 4 il müddətinə ayda 26 manat ödəməliyəm. Ödəməsəm məhkəməyə verəcəklər. Şəhid atası olduğum üçün "Kapital” bank 600 manat borcumu bağışladı. Bunlar isə bağışlamır”. 

Adıçəkilən "Azərkredit” bank olmayan kredit təşkilatının marketinq şöbəsindən isə saytımıza bildiriblər ki, onlar xaricdən maliyyələşdiyi üçün krediti tam bağışlaya bilmirlər. 

Qeyd edilib ki, "Azərkredit” BOKT tərəfindən şəhid ailələrinə güzəştlər olur. 

Əməkdaşımız şəhid atasının problemi ilə əlaqədar Mingəçevirdən seçilən deputat Aydın Mirzəzadə ilə əlaqə saxlayıb. Deputat müraciətimizdən yarım saat sonra redaksiyamıza telefon açaraq şəhid atasının kredit probleminin həll olunduğunu bildirdi.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Adil Adilzadə aprel döyüşlərində şəhid olub. O döyüş zamanı 17 erməni hərbçisini məhv edib. 2016-cı ilin 11 aprel tarixində Adil Adilzadə doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb. 21 may tarixində Adil Adilzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
 
BAKU.WS