Bir neçə gün əvvəl dəqiqləşdirmə məqsədilə hərbi vəzifəlilərin hərbi komissarlıqlara çağırılması prosesi zamanı, demək olar ki, çağırışdan yayınanlar olmayıb.

Bunu Milli.Az-a hərbi strukturlardakı etibarlı mənbələrdən məlumat veriblər.Mənbənin bildirdiyinə görə, çağırışın məqsədindən xəbərsiz olmalarına, çağırılanların böyük əksəriyyətinin isə hətta artıq yenidən orduda xidmət edəcəklərini və müharibəyə yollanacaqlarını zənn etmələrinə baxmayaraq, heç bir tərəddüd etmədən hərbi komissarlıqlara gəliblər. Çağırışdan yayınma halları, demək olar ki, olmayıb. Yalnız çağırılanların çox cüzi hissəsi şəxsi məlumatlarında, məsələn, sağlamlığında, yaşayış və iş yerləri ilə bağlı dəyişiklik olduğuna görə hərbi komissarlıqlara gələ bilməyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl ehtiyatda olan hərbi qulluqçuların yenidən hərbi xidmətə çağırılması ilə bağlı bəzi KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) Milli.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi komissarlıqlara çağırılması onların hansı ünvanda yaşaması və ailə vəziyyətlərinin dəqiqləşdirilməsi ilə əlaqədardır:

"Məlumat üçün bildiririk ki, ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunlarına əsasən tənzimlənir. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanununun 3.2-ci maddəsinə əsasən, səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

Səfərbərliyin elan olunması barədə yayılan məlumatlarla bağlı bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılması işi mütəmadi olaraq aparılır. Hazırda aprel çağırışının yekunu ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılanların hərbi vəzifəlilərin qeydiyyatına alınması, eyni zamanda ehtiyatda olan resurslar barədə məlumatların bir daha dəqiqləşdirilməsi həyata keçirilir.

Nəzərinizə çatdırırıq ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, bütün çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, ehtiyat resursların (insan və nəqliyyat) dəqiqləşdirilməsi və yoxlanılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəsidir. Əgər Azərbaycan Respublikasında səfərbərlik elan olunarsa, bu barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək və ehtiyatda olan hərbi vəzifəlilər səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılacaqlar".

Xatırladaq ki, aprelin əvvəlində döyüş əməliyyatlarından dərhal sonra edilən çoxsaylı müraciətlərlə bağlı Müdafiə Nazirliyi belə bir rəsmi məlumat yaymışdı: "İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, hətta əsgəri xidmətə yaşı çatmayan 15-17 yaşlı gəncləri, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirirlər. Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu bildirir və əsgərlərimizə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edir".
 
BAKU.WS