Azərbaycan dünyada su ehtiyatları az olan ölkələrdən biridir.


BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nazirliyin şöbə müdiri Rasim Səttarzadə bildirib.

“İqlim dəyişikliyi nəticəsində 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəldi və nəticədə atmosfer yağıntılarının miqdarı və bununla bilavasitə əlaqəli su ehtiyatlarımız da azaldı.


Su problemlərinin kəskinləşməsi ona gətirib çıxardı ki, 1992-ci ildə Rio-de-Janeyroda keçirilmiş BMT-nin Ətraf Mühit və İnkişaf Konfransında həyəcan təbili çalındı.

Bundan sonra BMT Baş Assambleyasının qərarına əsasən 1993-cü ildən etibarən hər il martın 22-də Ümumdünya su günü qeyd olunmağa başladı. Bu günün keçirilməsində məqsəd su resurslarının qorunmasının təşviq olunmasıdır”, - deyə alim bildirib.

Rasim Səttarzadə vurğulayıb ki, ilk baxışda dünyada suyun çox olduğu anlamına gəlmək olar:

“Çünki Yer kürəsinin 70 %-i su ilə əhatə olunub. Lakin bunun yalnız 2,5 %-i içməli sudur. Bilmək lazımdır ki, çayların payına ümumi su ehtiyatlarının cəmi 0,01 %-i düşür.

Digər tərəfdən əhalinin sürətli artımı da su ehtiyatlarına təzyiqi artırır. Son 100 ildə sudan istifadə edənlərin sayı 7 dəfə artıb.

Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır.

Biz gündəlik həyatımızda suya qənaət etməli, bunu davranış normamıza çevirməliyik, çünki XXI əsrin əsas problemlərindən biri məhz su problemi olacaq”.

BAKU.WS