Son iki gündür ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi”nin nəzərdə tutulduğuna dair məlumatlar yer alıb.


Məsələ ilə bağlı Vergilər Nazirliyindən BAKU.WS-ə açıqlama verilib. Verilən məlumatda bildirilir ki, əslində yayılan informasiyada yanlışlıq var.

“İnformasiyada bildirilir ki gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər. Məsələ ilə bağlı bildiririk ki, nə mövcud qanunvericiliyə dəyişikliklərdə, nə də yaxın perspektivdə belə bir mexanizmin tətbiqi nəzərdə tutulmur.

Dekabrın 25-də Vergilər Nazirliyində keçirilən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı mətbuat konfransında media nümayəndələri tərəfindən vergidən yayınmaya dair məlumatların verilməsi zamanı mükafatlandırma mexanizminin olub-olmaması barədə sual ünvanlanıb.

Sual cavablandırılarkən, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən verilən cavabda belə bir mexanizmin olmadığı, bununla bağlı bəzi ölkələrdə beynəlxalq təcrübənin (“Whistleblow” mexanizmi) mövcud olduğu və bunun digər təcrübələr kimi gələcəkdə nəzərdən keçirilməsinin mümkünlüyü qeyd edilib.

Hazırda vergidən yayınanlar barədə məlumat verənlərin mükafatlandırılmasına və ya digər formada təşviq edilməsinə dair hər hansı təklif və ya layihə nəzərdən keçirilmir. Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, məsələnin mahiyyətinə diqqətlə yanaşsınlar və yalnız rəsmi mənbələrə istinad etsinlər”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bundan əvvəl vergidən yayınan şəxs haqqında Vergilər Nazirliyinə xəbər verən şəxslərin mükafatlandırılması ilə bağlı xəbər yayılmışdı.

Ziya SƏCCAD
BAKU.WS