Yol hərəkətinin təşkili ilə bağlı yaranmış çatışmazlığa görə hər gün onlarla avtomobil cərimə meydançasına aparılır

BAKU.WS
avtosfer.az saytına istinadən Bakıda yol hərəkətinin təşkili ilə bağlı daha bir çatışmazlığı sürücülərin diqqətinə çatdırır. Məhz bu çatışmazlığa görə hər gün onlarla sürücünün avtomobili cərimə meydançasına aparılır və 40 manat ziyana düşür. Odur ki, bu videoya həm sürücülər, həm də aidiyyatı dövlət qurumlarının nümayəndələri diqqətlə baxsalar, faydalı olar.

Bu görüntülər Bakının Neftçilər prospektində – «Absheron Marriot» otelinin qarşısında çəkilib. Göründüyü kimi, Neftçilər prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələri otelin qarşısından sola dönərkən ən sol zolağı tuturlar. Asfalt üzərindəki nişanlanma xəttinin tələbi də məhz belədir ki, sola dönənlər ən sol zolaqla hərəkət etməlidir. Siz sola dönərkən həmin küçənin baş tərəfinə qoyulmuş «Dayanma-durma qadağandır» nişanını görmürsünüz. Heç görə də bilməzsiniz. Çünki nişan elə yerə qoyulub ki, bunu görmək mümkün deyil. Həmin nişanı görmək üçün yalnız Dəniz Limanının qarşısından düzünə həmin küçəyə daxil olmaq lazımdır. Bu da mümkün deyil – qadağandır.

Ola bilsin ki, həmin nişanı bilərəkdən və ya bilməyərəkdən elə yerə qoyublar. Amma nəzərə almaq lazımdır ki, otelin qarşısından sola dönüb sağ tərəfdə maşın saxlayanlar avtomotik olaraq dayanma-durma qaydasını pozurlar. Sürücülər bunu bilmədən – nişanı görmədən maşını orada saxlayır və az sonra otelin qarşısında dayanan taksilər dərhal yol polisinə xəbər verir. Cəmi 5 dəqiqəyə evakuator orada dayanan maşını cərimə meydançasına aparır.

Sürücülər o nişanı orada görməsələr də,  ərazidə xidmət edən Dövlət Yol Polisi əməkdaşları, daha dəqiq desək, həmin küçədən maşınları evakuasiya edənlər bu çatışmazlığı bilməlidirlər. O nişanı ora qoyanlar da bilməmiş deyillər ki, həmin yer yolayrıcıdır və orada təhlükəsizlik adacığı var. Qaydalara görə, kəsişmə yerinə 5 metr yaxınlıqda maşın saxlamaq olmaz. Deməli, dayanma-durmanı qadağan edən həmin nişanı küçənin tinində yox, təhlükəsizlik adacığından sonra - 10 metr irəlidə qoymaq daha yaxşı olardı. İndiki halda sürücüləri görmədikləri, daha doğrusu, görə bilmədikləri nişanının tələbini pozmağa görə 40 manat ziyana salmaq doğru yanaşma deyil.

BAKU.WS