SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 10-12-si tarixlərində maqnit qasırğası G1 səviyyəsindən başlayacaq və ən güclü G4 səviyyəsinə, hətta bəzi anlarda G5 səviyyəsinə qədər qalxacaq.

Bu sözləri Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynur Abdulkərimova BAKU.WS-ə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, buna səbəb Günəşdə baş vermiş güclü alışmalar və müşaiyət olunan maddə atılmalarıdır. 2025-ci ildə Günəş 11 illik tsiklinin maksimumuna çatacaq və səbəbdən də geomaqnit qasırğaları daha sıx müşahidə olunacaq. Növbəti 5-6 il ərzində isə qasırğalar nisbətən azalmağa başlayacaq:

"Geomaqnit qasırğası 5 səviyyəli şkala ilə göstərilir. Ən şiddətli qasırğa G5 səviyyəsində göstərilir. Bu da onunla əlaqədardır ki, hazırda günəşdə 2 çox böyük ləkə qrupu - 3663 və 3664 var. 3664 oblastı "Karrinqton hadisə"sini törətmiş ləkə ilə müqayisə edirlər. Karrinqton hadisəsi zamanı çox güclü qasırğa müşahidə edilmişdi. Bu zaman baş vermiş güclü Tac Kütlə Atılması cəmi 1 sutkaya yerə çatmış və teleqraf xətləri sıradan çıxmışdı. Bu ləkə də həmin potensiala malikdir.

Növbəti günlərdə daha güclü alışmaların baş verməsi gözlənilir. Çünki 9 mayda gün ərzində ardıcıl olaraq X sinif alışmalar baş vermişdir. X sinif alışmalar da ən güclü alışmalar hesab edilir. Gün ərzində ləkədə ardıcıl olaraq X sinif alışmaların baş verməsi o deməkdir ki, aktivlik maksimumdadır. Nəticədə bu gün gecədən Tac Kütlə Atılmalarının təsirini görəcəyik. Proqnozlaşdırılır ki, 10-12 may tarixlərində geomaqnit qasırğası G1 səviyyəsindən başlayacaq və ən güclü G4 səviyyəsinə, hətta bəzi anlarda G5 səviyyəsinə qədər qalxacaq. G5 səviyyəsi üçün 15% ehtimal var".

Elmi işçi deyir ki, əgər çox güclü geomaqnit qasırğası baş versə qlobal böhran qeydə alına bilər. Lakin ölkəmiz orta coğrafi enlikdə yerləşir. Bu səbəbdən də çox təəssüflər olsun ki, biz həm avroraları görmürük, həm də siqnalların kəsilməsi bizim coğrafi N dairəmizə xas deyil:
"Maqnit qasırğaları baş verən zaman əsas meteohəssaslıq ön plana çıxır. Bundan başqa həmin ərəfədə kosmonavtların açıq səmaya çıxması təhlükəlidir. Geomaqnit qasırğası zamanı peyk əməliyyatları aparılmır. Qaz-neft kəmərlərində induksiya cərəyanlarının yaranması, gərginlik sıçrayışları qeydə alına bilər.

Peyklərin sıradan çıxması, elektrik şəbəkələrinin, kabellərin sıradan çıxması baş verə bilər. Bu da internet əlaqəsinin kəsilməsi deməkdir. Əgər çox güclü geomaqnit qasırğası baş versə qlobal böhran qeydə alına bilər. Bu səbəbdən də geomaqnit qasırğası çatmamışdan monitorinqlər keçirilib müəyyən qabaqlayıcı tədbirlər görülür. Ölkəmiz orta coğrafi enlikdə yerləşir. Buna görə də bizə həddindən artıq təsiri olmur. Bizdən şimala doğru, yuxarı enliklərdə təsir daha çox olur".

Qeyd edək ki, növbəti 3 gündə son 20 ildə bənzəri görülməyən güclü maqnit qasırğası baş verəcək. Bu, meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər. Belə günlərdə Günəşin zərərli dalğalarından qorunmağın yollarını buraya keçid edərək məlumat ala bilərsiniz.

Banu Hüseynli
BAKU.WS