VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” mövzusunda II Respublika elmi konfransı keçirilib.


BAKU.WS-in məlumatına görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.


Əvvəlcə konfrans iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül qoyulub, xatirəsi ehtiramla yad edilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.


Universitetin rektoru Səadət Əliyeva tədbirin açılış mərasimində salamlama nitqi ilə çıxış edərək qeyd edib ki, Azərbaycan Universiteti mövzunun aktuallığı, elmi - praktiki əhəmiyyəti, göstərilən maraq və iştirakçıların təkliflərini  nəzərə alaraq ikinci dəfədir ki, eyni adlı konfransa ev sahibliyi edir. Konfrans artıq ənənəviləşib və gələcəkdə beynəlxalq statusda keçirilməsi də planlaşdırılır.

Rektor bildirib ki, gender problemi və gender bərabərliyinin təmin olunması tarixən bəşəriyyətin diqqət mərkəzində olan aktual problemlər sırasındadır.  Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərindən biri də məhz gender bərabərliyinə nail olunmasıdır. Burada qeyd olunur ki, gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökmranlıq etdiyi, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir.


Səadət Əliyeva çıxışında vurğuayıb ki, qadın hüquqlarının qorunması Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətlidir. Bu gün ictimai həyatın hər sahəsində Azərbaycan qadınının fəallığını görmək mümkündür. Təsadüfi deyil ki, qadın hüquqlarının təmin edilməsi, onların mənəvi - intellektual inkişafı, cəmiyyətimizin həyatında iştirakı ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin əsas komponetlərindən biri olub. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolunun bariz nümunəsidir.  Qeyd olunan məsələlər bir daha Azərbaycanda genderlə əlaqədar keçirilən tədbirlərin, eləcə də konfransımızın cəmiyyətimiz üçün aktuallığını göstərir.



Rektor konfransda aparılacaq müzakirələrin dövlətimiz tərəfindən bu istiqamətdə  aparılan siyasətə öz töhfəsini verəcəyinə əminliyini də ifadə edib. Səadət Əliyeva deyib: “İnanırıq ki, bu konfransda müzakirə olunan məsələlər gender sahəsində çalışan alimlərimiz, gənc tədqiqatçılarımız üçün əvəzsiz elmi material olacaq, Azərbaycanda gender probleminin həlli üçün görülən işlərə öz töhfəsini verəcəkdir”.


Millət vəkili Qənirə Paşayeva çıxışında qeyd edib ki, gender bərabərliyinin təmin olunması, qadınların cəmiyyət həyatının bütün sahələrində rolunun artırılması Azərbaycan dövlətinin öncəlikləri sırasındadır. Bu istiqamətdə həyata keçirilən proqramların, görülən səmərəli işlərin nəticəsidir ki, Azərbaycan cəmiyyətində rol model qadınları sayı durmadan artır. Millət vəkili çıxışında həllini gözləyən problemlər haqqında da məlumat verib və cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıb. Qənirə Paşayeva maarifləndirmə işlərinin aparılmasının, düşüncə və fikirlərdə ciddi dönüşlərə nail olunmasının, məsələnin daim diqqətdə saxlanmasının əhəmiyyətini və bu sahədə görülən işlərdə Azərbaycanın Birinci vitse – prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.


Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, prof. Rəbiyyət Aslanova gender mövzusunun 20-ci əsrin ortalarında elmi ictimaiyyətə təqdim olunduğunu və tarixi zərurətdən yarandığını qeyd edib. Gender ideyasının mahiyyəti haqqında danışan Rəbiyyət Aslanova bildirib ki, həm şərq, həm də qərb mütəfəkkirləri tarix boyu mükəmməl cəmiyyət arzusu ilə yaşayıb. Cinslər arasındakı münasibətlərin yüksək ali dəyərlərə söykənməsinin əhəmiyyətini vurğulayan qonaq ölkədə gender bərabərliyinin təmin olunması sahəsində görülən işlər haqqında da məlumat verib. Bununla bağlı 2006-cı ildə xüsusi qanunun qəbul edildiyini diqqətə çatdıran  Rəbiyyət Aslanova vurğulayıb ki, Azərbaycan qadını demokratik cəmiyyətin özünütəsdiq imkanlarından daha çox istifadə etməlidir.


Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Seyfəl Həsənov, Bakı Slavyan Universitetinin Tərbiyə işlər üzrə prorektoru Xanım Sultanova konfransın mövzusu haqqında fikirlərini bölüşüb, tədbirin işinə uğurlar arzulayıblar.

Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının müdiri, prof. Rəna İbrahimbəyova “Tədris kontekstində məktəb dərsliklərinin gender ekspertizası”, Azərbaycan Dillər Universitetinin dosenti Kifayət Ağayeva “Qadın və kişi dilinin gender tədqiqatı: Azərbaycan ədəbi nümunələrində seksizm” mövzusunda plenar məruzə ilə çıxış ediblər.


Prof. Rəna İbrahimbəyovanın məruzəsi gender anlayışı, gender təhsili, gender təhsilinin məqsədi, missiya və məzmunu, dərsliklərin gender ekspertizasında istifadə olunan metodlar, gender təsəvvürləri, gender təsəvvürlərinin mənimsənilməsinin psixoloji mexanizmi, 20-yə yaxın məktəb dərsliyinin ekspertizasının nəticələrini əhatə edib.

Dos. Kifayət Ağayevanın “Qadın və kişi dilinin gender tədqiqatı: Azərbaycan ədəbi nümunələrində seksizm”məruzəsində isə linqvistik seksizim, dildən cinsi əlamətlərə görə diskriminasiya məqsədi kimi istifadə edilməsi, linqvistik sesksimin özünü biruzə vermə yolları kimi məsələlərə toxunulub, ünsiyyət prosesində qeyri-seksist dildən istifadə vərdişinin artırılmasının vacibliyi vurğulanıb.


Plenar iclasın və fasilənin ardından konfrans işini “Gender tarixi və hüquqi aspektləri” və “Dində, ədəbiyyatda və sosiologiyada gender məsələləri” olmaqla 2 bölmə iclasında davam etdirib.

Konfrans işini bağlanış mərasimi ilə yekunlaşdırıb. Mərasimdə bildirilib ki, konfransa paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrini, AMEA-nın elmi tədqiqat institutlarını təmsil edən 55 məqalə təqdim olunub. Həmçinin qeyd olunub ki, yaxın gələcəkdə Azərbaycan Universitetində Gender Araşdırmaları Mərkəzinin yaradılması nəzərdə tutulur.

Konfrans materialları toplu şəklində çap olunaraq iştirakçılara təqdim olunub.

BAKU.WS