SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq ikinci təhsil müəssisəsidir ki, koronavirus səbəbindən bağlanıb və təhsil distant formaya keçirilib.

BAKU.WS xəbər verir ki, ötən gün Respublika İncəsənət Gimnaziyasında əyani tədris dayandırılıb. Bu məlumat yayıldıqdan sonra bütün məktəblərin bağlanması ilə bağlı söz-söhbətlər yenidən vüsət alıb.

Qeyd edək ki, bundan əvvəl də Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin koronavirusa görə fəaliyyətinin müvəqqəti dayandırılması yayılan söz-söhbətin daha da artmağına səbəb olub.

Bəs, doğrudan da, Bakı məktəblərində dərslər koronavirusa görə martın 1-dən distant formaya keçirmi?

Bu və digər məsələlərə aydınlıq gətirmək üçün öncə Nazirlər Kabinetinə müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, hələlik bu məsələ ilə bağlı müzakirələr aparılmır. Bu barədə rəsmi məlumat yoxdur.

Təhsil Nazirliyindən isə vəziyyətin qənaətbəxş olduğu bildirilir. Qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun BAKU.WS-ə verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.

“Məktəblərdə vəziyyət stabildir. Belə lokal qapanmalar olsa da, təhsil müəssisələrində hazırkı yoluxma səviyyəsi təhlükəli hədd deyil. Bununla bağlı təhsil müəssisələri ilə təlimlər, maarifləndirmə işləri aparılır. Cəmiyyətə baş verən hadisələr barədə operativ məlumatlar verilir. Xüsusi gərginliyə ehtiyac yoxdur.

Hər kəs bilir ki, hansısa məktəbdə yoluxma qeydə alınan zaman valideynlərlə əlaqə saxlanılır. Həmin şagird və ya müəllim lokallaşdırılır. O şəxs karantinə götürülür. Karantin müddəti bitdikdən sonra yoluxmuş şəxs yenidən test verir. Cavab neqativ çıxdıqdan sonra həmin şəxs təhsilə davam edir. Dünyada da, Azərbaycanda da belədir”, - deyə Cəsarət Valehov bildirib.

Təhsil Nazirliyinin rəsmisi valideyn, şagird və müəllimlərə müraciət edib:

“Bütün məktəblərdə ciddi nəzarət və müşahidələr var. Ona görə də narahatlığa və gərginliyə əsas yoxdur. Valideynlər rahat şəkildə övladlarını məktəblərə göndərə bilərlər. Təhsil müəssisələrində heç bir gizli proses getmir.

Valideynlər də bilirlər ki, məktəbdə xəstələnən var. Məlumatlar əsasında təhsilin distant formaya keçirilməsi barədə qərar verilir”.

Ziya SƏCCAD
BAKU.WS