SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda orta məktəblərin birində ibtidai sinifdə təhsil alan şagirdlərin valideynləri könüllü olaraq övladlarını təhsil ocağına göndərməkdən imtina edib.

Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə məlumat daxil olub.

Məlumata görə, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə övladları təhsil alan valdeynlər uşaqlarını virusa yoluxmaq təhlükəsi səbəbindən onlayn təhsilə üstünlük veriblər.

Məlumatı dəqiqləşdirmək məqsədilə 11 nömrəli tam orta məktəblə əlaqə saxladıq və bildirdi ki, həqiqətən, birinci və ikinci sinifdə təhsil alan şagirdlərin valideynləri övladlarının məktəbə gəlməməsi barədə ərizə yazıblar.

Qeyd edək ki, ötən gün “WhatsApp” vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı səs yazısı yayılıb. İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub. Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammın xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsi və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammın sadəcə yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir.

Ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə hələ ki qeydə alınmayıb. Bu səbəbdən yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub.

Məlumat üçün qeyd edək ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesi sabit şəkildə davam edir.

Bu səbəbdən vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik.

Orxan Hüseyn
BAKU.WS