Vüsal Qasımlı: Qlobal sığorta sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub
Forum müxtəlif ölkələrdən olan ekspertləri, tənzimləyici qurumların nümayəndələrini, eləcə də sığorta və maliyyə sektoru peşəkarlarını bir araya gətirərək sığorta sənayesinin gələcəyinin müzakirəsi üçün mühüm platforma yaradır.
BAKU.WS xəbər verir ki, bunu Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, forumun gündəliyində özəl pensiya sistemləri, təkrarsığorta və təbii fəlakət risklərinin idarə olunması, həyat və sağlamlıq sığortasının inkişafı, peşəkar təhsil və sığorta brokerliyində qlobal tendensiyalar kimi strateji əhəmiyyət daşıyan mövzular yer alıb.
V.Qasımlı qeyd edib ki, geosiyasi gərginliklər, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və demoqrafik dəyişikliklər fonunda sığorta sektorunun rolu daha da artıb. Onun sözlərinə görə, müasir dövrdə sığorta yalnız maliyyə itkilərinin kompensasiyası deyil, həm də iqtisadi dayanıqlılığın, sosial rifahın və davamlı inkişafın təmin olunmasında mühüm vasitədir.
İcraçı direktor beynəlxalq hesabatlara istinad edərək bildirib ki, qlobal sığorta sektoru hazırda dərin struktur dəyişiklikləri mərhələsindən keçir. "Allianz Global Insurance Report 2026" hesabatına görə, qlobal sığorta bazarının həcmi 6,9 trilyon avroya çatıb və sektor 7,1 faiz artım nümayiş etdirib.
Onun sözlərinə görə, "BlackRock Global Insurance Report 2025" hesabatı da sektorda mühüm transformasiyaların baş verdiyini göstərir. Belə ki, sığorta şirkətlərinin təxminən 30 faizi özəl bazarlara investisiyaları artırmağı planlaşdırır, 87 faizi hibrid aktiv idarəetmə modelinə keçir, 73 faizi isə süni intellekt və məlumat analitikası kimi texnologiyalardan geniş istifadə edir.
V.Qasımlı əlavə edib ki, şirkətlərin təxminən 70 faizi ESG və dayanıqlı investisiya strategiyalarını davam etdirir. Bu isə sığorta sektorunun daha dayanıqlı, çevik və diversifikasiya olunmuş inkişaf modelinə keçdiyini göstərir.
Oxşar xəbərlər
Əliyar Məmmədyarov: Sığorta sektorunun maliyyə göstəricilərində müsbət dinamika müşahidə olunur
Sığorta bazarında həyata keçirilən təkmilləşdirmələr sektorun dayanıqlığının güclənməsinə və inkişaf tempinin sürətlənməsinə mühüm təsir göstərib. BAKU.WS xəbər...