Tələbə axını Bakıda kirayə mənzil bazarını silkələyib

Tələbə axını Bakıda kirayə mənzil bazarını silkələyib
Araşdırma
İqtisadiyyat 105

Sentyabr ayında ali məktəblərdə tədris ilinin başlanması Bakıya və digər böyük şəhərlərə on minlərlə tələbənin axını ilə müşayiət olunur. Hər il təxminən 60 min abituriyent tələbə adını qazanır ki, onların da əhəmiyyətli hissəsi paytaxta üz tutur.

Bu, ilk növbədə, mənzil bazarının kirayə seqmentinə ciddi təsir göstərir: tələb artır, mənzillərin sayı azalır, nəticədə qiymətlər yüksəlir. Əgər əvvəl bu bahalaşma yalnız mövsümi xarakter daşıyırdısa, son illər artıq ilboyu davam edən sabit tendensiyaya çevrilib.

Mövzu ilə bağlı "Report" araşdırma aparıb və ekspertlərin rəylərini öyrənib.

Kirayə bazarında davamlı bahalaşma

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib ki, paytaxtda universitetlərin çoxluğu səbəbindən tələbələrin əsas axını məhz Bakıya yönəlir və bu, kirayə mənzil bazarına ciddi təzyiq göstərir:

"Regionlardan Bakıya tələbə axını kirayə seqmentində tələbi artırır, mənzillərin bazarda sayı azalır və nəticədə qiymətlər bahalaşır. Əvvəllər bu proses yalnız mövsümi xarakter daşıyırdısa, indi isə davamlı hal alıb. Mövsümi artım ilboyu bahalaşmanı daha da gücləndirir və bazarda ajiotaj yaradır".

Ekspertin sözlərinə görə, tələbələrin münasib ev tapmaqda çətinlik çəkməsi, ev sahiblərinin isə bir neçə tələbənin birlikdə mənzil kirayələməsinə isti yanaşmaması vəziyyəti daha da çətinləşdirir:

"Bazarda həm qıtlıq var, həm də qiymət artımı. Bu tendensiya ən azı sentyabrın sonuna qədər davam edəcək".

V. Oruc qiymətlərlə bağlı konkret rəqəmlər də açıqlayıb. Onun sözlərinə görə, hazırda köhnə tikililərdə kirayə qiymətləri 450-500 manat, yeni tikililərdə 600-650 manat arasında dəyişir. Şəhər kənarında yerləşən fərdi evlərin kirayəsi isə 300-350 manat təşkil edir.

Ekspert əlavə edib ki, ən kəskin bahalaşma metro stansiyalarına və ictimai nəqliyyata yaxın ərazilərdə müşahidə olunur, qəsəbələrdə isə artım nisbətən zəifdir.

Qısamüddətli müqavilələr ev sahiblərinə daha sərfəlidir

Ekspertin fikrincə, tələbələrin qısamüddətli müqavilələr bağlaması ev sahibləri üçün üstünlük yaradır.

"Əvvəllər uzunmüddətli müqavilələrə üstünlük verilirdisə, indi qısamüddətli müqavilələr ev sahiblərinə daha sərfəlidir. Çünki qiymətlər il ərzində bahalaşdığı üçün onlar hər dəfə yeni müqavilə bağlayaraq daha yüksək məbləğ tələb edə bilirlər. Artıq heç bir mənzil uzun müddət boş qalmır, boşaldığı anda dərhal yeni müştərisi tapılır", - deyə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"nin sədri bildirib.

Onun sözlərinə görə, prosesə yalnız tələbələr deyil, həm də regionlardan Bakıya köçən ailələr və xarici investorlar təsir göstərir: "Yeni iş imkanlarının əsasən paytaxtda cəmlənməsi də kirayə qiymətlərinin davamlı artımına səbəb olur".

Kirayə mənzillər 30 %-dək bahalaşıb

"Azərbaycan Rieltorlar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elnur Azadov da bazardakı vəziyyətin tələbələr üçün xeyli çətinlik yaratdığını təsdiqləyib:

"Bu il kirayə mənzil bazarında qıtlıq açıq şəkildə müşahidə olunur. Mənzil tapmaq çətinləşib, qiymətlər isə fantastik dərəcədə yüksəlib. Orta hesabla 20-30 % bahalaşma qeydə alınıb. Təklif olunan mənzillərin əksəriyyəti nə qiymət, nə də yerləşmə baxımından qənaətbəxş deyil. Ev sahibləri çox hallarda vəziyyətdən sui-istifadə edirlər".

E. Azadovun sözlərinə görə, son 5 ildə ümumilikdə daşınmaz əmlakın qiyməti 55-60 % artıb və bu tendensiya kirayə seqmentində də özünü göstərir:

"Ən çox qiymət artımı metro stansiyalarına yaxın ərazilərdə, xüsusən "Elmlər Akademiyası" və "İnşaatçılar" metrostansiyaları ətrafında, eləcə də şəhər mərkəzində müşahidə olunur. Bakının kəndlərində isə artım nisbətən zəifdir".

Alternativ çıxış yolu: tələbə yataqxanaları

Kirayə mənzil bazarında yaranan gərginlik fonunda tələbələr üçün ən real alternativ tələbə yataqxanalarıdır. Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanovanın "Report"a bildirib ki, universitetin balansında 4 yataqxana fəaliyyət göstərir. Onlardan biri əsaslı təmir səbəbindən bağlıdır, digər üçü isə ayrı-ayrılıqda əcnəbi tələbələr, qızlar və oğlanlar üçün nəzərdə tutulub.

ATU rəsmisinin sözlərinə görə, indiyədək müraciət edən bütün tələbələr yataqxanada yerləşdirilib və hər hansı problem yaşanmayıb:

"Bu il də müraciət edən bütün tələbələrin qəbul olunması nəzərdə tutulur, çətinlik gözlənilmir".

G. Aslanova yataqxanalarda 2, 3 və 4 nəfərlik otaqların mövcud olduğunu qeyd edib. Qiymətlər otaq növünə və yerləşənlərin sayına görə dəyişir və aylıq 50-90 manat civarındadır. Şəhid ailələrinin üzvləri üçün yerləşdirmə ödənişsizdir, qazi ailələrinin üzvlərinə isə güzəştlər təqdim olunur.

Qeyd edək ki, digər ali məktəblərin də tələbə yataqxanaları fəaliyyət göstərir və burada qiymətlər, otaq şəraiti və yerləşdirmə prinsipləri təxminən eyni səviyyədədir.

Nəticə etibarilə, hər tədris ili başlayanda Bakıda və iri şəhərlərdə kirayə mənzil bazarında tələb kəskin artır. Tələbələrin böyük hissəsi münasib mənzil tapmaqda çətinlik çəkdiyindən, yataqxanalar daha əlçatan alternativ rolunu oynayır. Lakin mövcud yataqxanaların sayı bütün tələbə kütləsini əhatə etməyə kifayət etmir. Bu baxımdan, dövlətin və universitetlərin yeni yataqxana layihələrinə sərmayə qoyması, həmçinin kirayə bazarında şəffaflığın və tənzimləmənin gücləndirilməsi tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından vacib görünür.

Son xəbərlər