"Şaquli Qaz Dəhlizi" ölkələrinin enerji nazirləri gələn ay ABŞ-də görüşəcəklər

Şaquli Qaz Dəhlizi ölkələrinin enerji nazirləri gələn ay ABŞ-də görüşəcəklər
İqtisadiyyat 26

Yunanıstandan Cənub-Şərqi Avropaya və Ukraynaya təbii qaz tədarükü üçün "Şaquli Qaz Dəhlizi" təşəbbüsündə iştirak edən ölkələrin enerji nazirlərinin görüşü fevral ayının sonunda Vaşinqtonda keçiriləcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou və ABŞ Energetika Nazirliyinin Avropa, Avrasiya, Afrika və Yaxın Şərq üzrə köməkçi katibinin müavini Coşua Volts "Afina Enerji Sammiti"ndə çıxış edərkən bildiriblər.

Bəyanatlar forum təşkilatçıları tərəfindən yayılıb.

Volts vurğulayıb ki, layihə tarixən əməkdaşlıq etməmiş ölkələri birləşdirir ki, bu da ən böyük çətinlikdir: "Dizayn, dağlardan boru kəmərlərinin çəkilməsi kimi asan hissədir. Ən çətin hissə tərəfdaşları öhdəlik götürməyə inandırmaqdır. Əgər layihə kommersiya baxımından sərfəli deyilsə, heç kim üçün sərfəli olmayacaq".

Onun sözlərinə görə, zəruri koordinasiya Yunanıstandan Ukraynaya qədər uzanır və bütün iştirakçılar aydın iqtisadi fayda görməlidirlər: "Bu, xeyriyyə layihəsi deyil. Dəhliz artıq fəaliyyətdədir, lakin hələlik oradan yalnız bir neçə damcı axır. Biz təbii qazın daşqınlarına keçmək istəyirik".

O, elan edib ki, mövcud problemləri müzakirə etmək üçün fevral ayının sonunda Vaşinqtonda nazirlər səviyyəsində görüş keçiriləcək və layihəni irəli aparmaq məqsədilə məsləhətləşmələr ilin sonuna qədər davamlı və intensiv olacaq.

Xatırladaq ki, "Şaquli Dəhliz" layihəsi (Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna) Şərqi Aralıq dənizindəki terminallardan Moldova və Ukraynaya qaz tədarükü marşrutunun yaradılmasını nəzərdə tutur.

"Şaquli Qaz Dəhlizi" sisteminin Yunanıstandan Bolqarıstan, Rumıniya, Moldova, Slovakiya, Macarıstan və Ukraynanın yeraltı qaz anbarlarına tədarükü təşkil etməyə imkan verəcəyi gözlənilir.

Tədarüklər üçün resurs bazası Cənub Qaz Dəhlizi ilə Yunanıstana daxil olan Azərbaycan qazı və dünyanın hər yerindən Yunanıstanın mayeləşdirilmiş qaz terminallarına çatdırılacaq LNG olacaq.

Yəni Yunanıstanın Aleksandrupolis şəhərindəki LNG terminalı Revitus adasındakı modernləşdirilmiş reqazifikasiya stansiyası və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Şaquli Qaz Dəhlizinin əsas komponentləri olacaq.

Son xəbərlər