Qeyri-neft sektorunda yeni mərhələ: kazino turizmi gündəmdə

Qeyri-neft sektorunda yeni mərhələ: kazino turizmi gündəmdə
Foto
İqtisadiyyat 80

Turizm bu gün həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün iqtisadi artımın və məşğulluğun əsas mənbələrindən biri hesab olunur.

Bir çox ölkələr turizm sektorundan əhəmiyyətli dərəcədə asılıdır və bu sahənin davamlı inkişafı, cəlbediciliyini artırmaq üçün strateji addımlar atırlar.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) son hesabatına görə, 2024-cü ildə qlobal turizm bazarının həcmi 8,5 %-dən çox artaraq 10,9 trilyon ABŞ dollarına çatıb. Ötən il səyahət və turizm sahəsi dünya iqtisadiyyatının 10 %-ni təşkil edib. Bu sahədə çalışan insanların sayı isə qlobal miqyasda 357 milyona yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 6,2 % artım deməkdir. Beləliklə, dünya üzrə hər 10 iş yerindən biri bu sektora aiddir.

WTTC-nin proqnozlarına görə, 2025-ci ildə sektorun həcmi 11,7 trilyon ABŞ dollarına çatacaq (ümumdünya iqtisadiyyatının 10,3 %-i), məşğulluq göstəricisi isə 14 milyon nəfər artaraq 371 milyona yüksələcək. Bu, ABŞ əhalisinin sayından da çoxdur. Uzunmüddətli proqnozlara görə, 2035-ci ilə qədər sektorun illik dövriyyəsi 16,5 trilyon ABŞ dollara qədər arta bilər.

Azərbaycan üçün yeni iqtisadi imkan

Neftdənkənar iqtisadiyyatın inkişafını prioritet kimi müəyyən edən Azərbaycan üçün də turizm sektoru mühüm istiqamətlərdən biridir. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, bu sahədə davamlı inkişafın təmin olunması üçün strateji yanaşmalar, institusional islahatlar və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.

Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2,63 milyon nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 26 % çoxdur. Artan turist axını turizm infrastrukturunun təkmilləşdirilməsini, yeni istirahət və əyləncə obyektlərinin yaradılmasını zəruri edir. Bununla yanaşı, həm daxili, həm də xarici turizmin qeyri-mövsüm dövrlərdə təşviqi məsələsi də aktuallaşır.

Məsələ ilə bağlı "Report"a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, kazinolara icazə verilməsi son illər dünyada geniş yayılmış bir tendensiyadır.

"Azərbaycanda kazino fəaliyyəti 1998-ci ildə ölkə Prezidentinin qərarı ilə qadağan edildi. Həmin dövrdə nəzarət və tənzimləyici mexanizmlər kifayət qədər formalaşmadığı üçün bu addım zəruri idi. Lakin bu gün bir çox ölkələr kazinolara qoyulan qadağaları aradan qaldırır. Məsələn, Özbəkistan və Qazaxıstan kimi ölkələr bu sahədə yeni mərhələyə qədəm qoyub. 2027-ci ildə isə Birləşmiş Ərəb Əmirliklərində ilk kazinonun açılması planlaşdırılır. Gürcüstan isə uzun illərdir ki, kazino sektorundan əhəmiyyətli gəlirlər əldə edir və bu baxımdan Azərbaycanın qonşuluğunda real nümunədir", - deyə deputat qeyd edib.

Dayanıqlı turizmin yeni aləti

Qlobal təcrübə göstərir ki, qeyri-mövsüm turizmin stimullaşdırılmasında və sektorun dayanıqlı inkişafında kazino biznesi mühüm rol oynayır. Bu baxımdan qonşu Gürcüstan uğurlu nümunədir. Ərazi və əhali baxımından Azərbaycandan kiçik olsa da, turizm gəlirləri üzrə daha irəlidədir. Bu üstünlüyün əsas səbəblərindən biri isə kazino biznesinin leqallaşdırılmasıdır. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dollarına çatıb. Gürcüstan kazinolarının əsas gəlir mənbəyi isə xarici vətəndaşlar, xüsusilə də azərbaycanlı turistlərdir.

Qeyd edək ki, ötən il qlobal kazino sənayesinin ümumi dövriyyəsi 40 milyard ABŞ dolları artaraq 580 milyard ABŞ dollarına çatıb. Proqnozlara görə, bu göstərici 2028-ci ildə 745 milyard dollara qədər yüksələcək. Bu dinamika Azərbaycan üçün də mövcud imkanlardan yararlanaraq, bu istiqamətdə yeni addımlar atmağın vaxtının gəldiyini göstərir.

Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Belə ki, "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanuna təklif edilən dəyişikliklər çərçivəsində bu ərazilərdə kazino fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur. Qanun layihəsində kazino təşkilatı üçün lisenziya alma qaydaları və dövlət rüsumunun məbləği də müəyyənləşdirilir. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

R. Muradovun fikrincə, süni torpaq sahələrində kazino oyunlarının təşkili dövlət büdcəsinə vergi daxilolmalarının artmasına səbəb olmaqla yanaşı, turizm potensialının inkişafına da müsbət təsir göstərəcək.

"Kazinolar əmək tutumlu olmasa da, yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Digər tərəfdən, bu gün bir çox Azərbaycan vətəndaşı kazino oyunlarında iştirak etmək üçün xarici ölkələrə üz tutur və ya onlayn kazinolara qoşulur. Yerli kazinoların fəaliyyət göstərməsi kölgə qumar sektorunun qarşısını alacaq və nəticə etibarilə kölgə iqtisadiyyatının miqyasının azaldılmasına da töhfə verəcək", - deyə deputat bildirib.

Qanun layihəsində kazino oyunlarından əldə olunan gəlirlərə tətbiq olunacaq vergi mexanizmləri də əksini tapacaq. R. Muradov qeyd edib ki, bu sahədə mövcud vergi dərəcələrindən fərqli və daha sərt vergi siyasətinin tətbiqi mümkündür:

"Kazinonun təşkilatçıları hüquqi şəxs olduqları üçün onlar mənfəət vergisinə cəlb olunacaqlar. Hazırda Vergi Məcəlləsinə əsasən mənfəət vergisi 20 %, fiziki şəxslərin gəlir vergisi isə 14 % təşkil edir. Lakin hesab edirəm ki, bu fəaliyyət növü üçün vergi dərəcələri fərqli müəyyən olunmalıdır. Məsələn, əgər bir şəxs kazinoda iştirak edərək 1 manat gəlir əldə edirsə, o, artıq mövcud 14 %-lik gəlir vergisini deyil, daha yüksək - 30-40 % aralığında gəlir vergisini ödəməlidir. Çünki burada konkret bir əmək fəaliyyəti yoxdur. Söhbət oyundan, riskə əsaslanan gəlirdən gedir və bu, klassik əmək fəaliyyəti ilə eyni əsasda qiymətləndirilməməlidir".

Onun fikrincə, vergi dərəcələri qazancın məbləğindən asılı olaraq diferensiallaşdırıla bilər: " Məsələn, 1 000 manata qədər olan gəlirə 15 %, 1 000–2 000 manat arası gəlirə isə 25 % vergi tətbiq edilə bilər. Məncə, belə yanaşma daha ədalətli olar. Yəni qazanc artdıqca, vergi yükü də artır. Burada məqsəd də məhz budur: digər ölkələrdə olduğu kimi, imkanlı şəxslərin müəyyən gəlirlərinin dövlət büdcəsinə yönəldilməsi, bu vəsaitin isə kazinoda uduzanlar hesabına dolayı yolla formalaşması".

Beləliklə, kazino biznesinin leqallaşdırılması və tənzimlənməsi ilə Azərbaycan həm turizm potensialını genişləndirə, həm də dövlət büdcəsinə əlavə gəlir mənbəyi yarada bilər. Əsas məsələ bu sektorun şəffaf, məsuliyyətli və ictimai maraqları nəzərə alan şəkildə idarə edilməsidir. Doğru tənzimləmə və nəzarət mexanizmləri ilə bu sahə Azərbaycanın qeyri-neft iqtisadiyyatına güclü töhfə verə bilər.

Son xəbərlər