Qazaxıstan parlamenti Bakı və Daşkəndlə yeni enerji sazişini təsdiqlədi

Qazaxıstan parlamenti Bakı və Daşkəndlə yeni enerji sazişini təsdiqlədi
İqtisadiyyat 15

Qazaxıstan Senatının bugünkü plenar iclasında Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl enerjinin istehsalı və nəqli üzrə strateji tərəfdaşlığına dair saziş ratifikasiya edilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu məlumatı Zakon.kz yayıb.

Sənəddə qeyd olunur ki, müqavilənin əsas hədəfi tərəflərin bərabərhüquqlu iştirakı ilə strateji tərəfdaşlığın formalaşdırılmasıdır. Bu əməkdaşlıq təmiz enerji və enerji effektivliyi istiqamətində əlaqələrin dərinləşdirilməsini, yaşıl hidrogen və ammonyakın istehsalı, eləcə də ticarəti üzrə ortaq layihələrin icrasını nəzərdə tutur. Həmçinin, bərpa olunan enerjinin dövlətlərarası fasiləsiz ötürülməsi üçün ortaq inzibati və texniki qaydaların hazırlanması planlaşdırılır.

Razılaşmanın başlıca şərtləri aşağıdakı kimidir:

-Avropaya və digər qitələrə enerji ixracını həyata keçirmək məqsədilə infrastrukturun qurulması, yeni texnologiyaların tətbiqi və "yaşıl" enerjinin dayanmadan, təhlükəsiz nəqli üçün tərəflərin kommersiya, texniki tələbləri razılaşdırması;

- yerli enerji şəbəkələrinin inkişafına təkan verilməsi və "Qara Dəniz Enerjisi" sualtı elektrik xəttinə inteqrasiya variantlarının öyrənilməsi;

- hər il fəaliyyət planlarını tərtib edəcək İşçi Qrupun, o cümlədən bərabərlik prinsipi ilə fəaliyyət göstərən (ildə iki dəfədən az olmayaraq toplanan) idarəedici komitənin təşkil edilməsi;

- birgə fəaliyyət zamanı əldə olunan informasiyanın konfidensiallığının qorunması, yaranan ixtilafların isə yalnız danışıqlar və məsləhətləşmələr vasitəsilə tənzimlənməsi qaydalarının müəyyənləşdirilməsi və s.

Məlumatda vurğulanır ki, sənədin qəbulu tranzit yollarının şaxələndirilməsi, enerji təhlükəsizliyinin artırılması və az karbonlu məhsulların xaricə satışı hesabına Qazaxıstanın iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq. Bu qanunun ratifikasiyası əlavə dövlət büdcəsi xərcləri yaratmayacaq, eyni zamanda heç bir mənfi hüquqi və ya sosial-iqtisadi nəticələrə gətirib çıxarmayacaq.

Son xəbərlər