Popşoi: Kişineu qaz tədarükü və "yaşıl enerji" sahələrində Bakı ilə əməkdaşlıqda maraqlıdır
Moldova "Yaşıl enerji dəhlizi" layihəsinə qoşulmaqda maraqlıdır.
BAKU.WS xəbər verir ki, bunu Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, enerji sahəsi Azərbaycan və Moldova arasında əməkdaşlığın inkişafı üçün mühüm istiqamətlərdən biridir. Onun sözlərinə görə, enerji təhlükəsizliyinin gücləndirilməsi və qaz tədarükünün artırılması Moldova üçün əsas prioritetlər olaraq qalır. Popşoy, həmçinin 2022-ci ildə iqtisadi böhran dövründə Azərbaycanın göstərdiyi dəstəyə görə rəsmi Bakıya təşəkkür edib.
O əlavə edib ki, Moldova Azərbaycanla yalnız qaz tədarükü deyil, həm də bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bildirilib ki, Moldovanın "Energocom" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar aparır və "Yaşıl enerji dəhlizi" layihəsində iştirak imkanlarını nəzərdən keçirir.
Bununla yanaşı, Moldova tərəfi Azərbaycan şirkətlərini ölkədə müxtəlif investisiya layihələrinə qoşulmağa dəvət edib və uzunmüddətli enerji əməkdaşlığına açıq olduqlarını vurğulayıb.
Oxşar xəbərlər
Covanni Kristofoli: "Azərbaycan BP üçün neft-qaz hasilatının artırılması baxımından mühüm istiqamətdir"
BP şirkətinin qlobal strategiyası neft və qaz hasilatının artırılmasına yönəlib və bu baxımdan Azərbaycan şirkətin strateji planlarına tam uyğun gələn mühüm ist...