Orxan Məmmədov: "Biznesin maliyyə əlçatanlığı qlobal bir çağırış olaraq qalmaqdadır"

Orxan Məmmədov: Biznesin maliyyə əlçatanlığı qlobal bir çağırış olaraq qalmaqdadır
İqtisadiyyat 44

Biznesin maliyyə əlçatanlığı məsələsi qlobal bir çağırış olaraq qalmaqdadır.

BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") deyib.

Onun sözlərinə görə, Beynəlxalq Maliyyə Korporasiyasının 2025-ci ilin aprel ayında keçirdiyi KOB Maliyyə Forumunun sənədlərinə əsasən, dünya üzrə KOB-ların qarşılanmamış maliyyə tələbatı 5,7 trilyon ABŞ dollarına çatıb: "Eyni zamanda Dünya Bankının hesabatına görə, KOB-ların maliyyə boşluğunun aradan qaldırılması orta gəlirli iqtisadiyyatlarda ümumi məhsuldarlığın 86 % artımı ilə nəticələnə bilər. Bu rəqəmlər KOB-ların maliyyə mənbələrinə çıxışında "fintex" alətlərinin tətbiqi məsələlərini daha da aktuallaşdırır. Bu kontekstdə maliyyə xidmətlərinə çıxış imkanının genişləndirilməsi, xüsusilə regionlarda fəaliyyət göstərən KOB-lar üçün dayanıqlı inkişafın əsas şərtlərindən biridir".

O bildirib ki, "Fintex Sammiti" kimi mühüm bir platformada maliyyə texnologiyaları sahəsində qlobal trendlərin müzakirəsi, innovativ həllərin təşviqi və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli rol oynayır: "Bu gün rəqəmsal texnologiyaların tətbiqi, süni intellektin, blokçeyn həllərinin və rəqəmsal bankçılığın inkişafı ənənəvi maliyyə sistemlərinin strukturlarını əsaslı şəkildə dəyişməkdədir. Elektron hökumət, rəqəmsal bankçılıq və süni intellekt əsaslı xidmətlər artıq hər bir kəsin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilməkdədir. Lakin hər bir transformasiya prosesi kimi, maliyyə texnologiyaları sahəsində də həm böyük imkanlar, həm də ciddi çağırışlar mövcuddur. Bu çağırışlar və trendlər yalnız texnoloji deyil, həm də iqtisadi, sosial və hüquqi aspektlərdən qiymətləndirilməlidir. Bu sahədə ən vacib çağırışlarda biri rəqəmsal təhlükəsizlik məsələsidir. Etimadının qorunması üçün informasiya təhlükəsizliyinin təmin edilməsi, rəqəmsal identifikasiya sistemlərinin təkmilləşdirilməsi zəruridir".

O.Məmmədov hesab edir ki, tənzimləyici çərçivənin çevikliyi də aktual məsələdir: " Belə ki, "Fintex" texnologiyaları ənənəvi bank sistemlərindən fərqli olaraq daha dinamik və yenilikçidir. Bu isə normativ hüquqi bazanın mütərəqqi və proaktiv olmasını tələb edir. Bir tərəfdən innovasiyalara geniş meydan verilməli, digər tərəfdən isə maliyyə dayanıqlılığı və istehlakçı hüquqları qorunmalıdır".

Son xəbərlər