Neftin ucuzlaşması sosial layihələrin icrasına problem yaratmayacaq

Neftin ucuzlaşması sosial layihələrin icrasına problem yaratmayacaq
İqtisadiyyat 94

Dünyada 2014-cü ildən başlanan qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin olunub. Son illər ölkədə iqtisadiyyatın inkişafı sürətlənib, bir sıra mühüm sosial layihələr icra edilib.

Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları da 52 milyard ABŞ dolları təşkil edir. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 17 faizdir. Bu, dünyada ən aşağı göstəricilər sırasındadır. Ötən illərdə olduğu kimi, 2020-ci ildə də həyatın bütün sahələrində müsbət inkişaf dinamikasını müşahidə etmək mümkündür. Belə ki, bu ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz artıb, inflyasiya 2,8 faiz təşkil edib.Son günlər OPEC+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı yaranıb. Bu isə nəticə etibarı ilə dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə səbəb olub. Lakin mövcud vəziyyət Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Bunun səbəbi hər şeydən əvvəl Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və şaxələndirilmiş olması, eyni zamanda, bu cür ekstremal vəziyyətlərə qarşı immunitetinin olmasıdır.

Ötən il Azərbaycanda dərin sosial islahatlarla yadda qalıb. Belə ki, təqdim edilən iki sosial paket nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250, minimum pensiya isə 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb. Sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Şəhid ailələri üçün təqaüdlər 242 manatdan 300 manata çatdırılıb. Dövlət sektorunda işləyənlərin əməkhaqları 50 faizədək, məcburi köçkünlərin müavinətləri 50 faiz, o cümlədən tələbələrin təqaüdləri artırılıb, 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s. 2019-cu ildəki iki sosial paketin əhatə dairəsi 4,2 milyon nəfər, illik maliyyə yükü 3 milyard manatdan çox olub. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə MDB-də 1-ci yeri tutur.

Həmçinin Azərbaycan hökuməti tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 934 mənzil və fərdi ev də verilib. Ümumilikdə şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib. 2019-cu ildə nazirlik tərəfindən müharibə əlillərinə 600 avtomobil təqdim edilib ki, bu da nəzərdə tutulduğundan 3,2 dəfə çox olub.

2020-ci il minimum əməkhaqqının 20 faiz artımla 300 manata, minimum pensiyanın isə 20 faiz artımla 240 manata çatdırılması nəzərdə tutulur. Bu il şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilməsi planlaşdırılır. Həmçinin müharibə əlillərinə 400 avtomobil veriləcək. Prezident İlham Əliyevin 2020-ci il fevralın 6-da imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncama əsasən, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb. Həmin artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıların, yəni 1 milyon 120 minə yaxın insanın pensiyasına şamil olunub.

Ümumilikdə isə son 16 ildə Azərbaycanda orta aylıq əməkhaqqı 11, orta aylıq pensiya 8 dəfə, həmçinin müavinət və təqaüdlər dəfələrlə artırılıb. Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılıb, vətəndaşların maddi rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Aparılan siyasət, atılan addımlar bütün sosial problemlərin həllini tapacağına, hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliklərə səbəb olacağına ümid verir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər