Neftin qiyməti yenidən bahalaşdı - Noyabrdan bu yana ilk yaşandı

Neftin qiyməti yenidən bahalaşdı - Noyabrdan bu yana ilk yaşandı
İqtisadiyyat 70

Yanvarın 13-də keçirilən ticarət zamanı "Brent" markalı neftin mart ayı üçün fyuçerslərinin qiyməti 65 dolları keçib. Bu göstərici 18 noyabrdan bəri ilk dəfə qeydə alınıb.

BAKU.WS Londonun "ICE birjası"na istinadla xəbər verir ki, ilin əvvəlindən etibarən neft qiymətlərində müşahidə olunan artım əsasən ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatlar və İranda davam edən iğtişaşlar ilə əlaqələndirilir.

Bu hadisələr qlobal bazarlarda neft təklifinin azalacağı ilə bağlı narahatlıqları gücləndirib və investorların risk gözləntilərini artırıb.

Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyaların daha da sərtləşdirildiyini açıqlayıb. Yeni qərara əsasən, İrandan neft alan və ya bu ölkə ilə ticarət əlaqələri saxlayan dövlətlərə qarşı ikincili sanksiyalar tətbiq ediləcək. Bu çərçivədə məhdudiyyətləri pozan ölkələrin ABŞ şirkətləri ilə həyata keçirdiyi bütün ticarət əməliyyatlarına 25 faiz rüsum qoyulacaq.

Analitiklər hesab edirlər ki, sanksiyaların sərtləşdirilməsi İrandan qlobal bazarlara neft ixracının azalmasına səbəb ola və bu da qiymətlərin daha da yüksəlməsini stimullaşdıra bilər.

Eyni zamanda, ekspertlər ABŞ-nin mümkün hərbi müdaxiləsi ehtimalını da istisna etmirlər. Belə bir ssenari baş verərsə, bu, xüsusilə Fars körfəzi regionundan neft tədarükünün məhdudlaşması kimi gözlənilməz nəticələrə yol aça bilər ki, bu da dünya enerji bazarları üçün ciddi risk sayılır.

Digər tərəfdən, uzunmüddətli proqnozlar daha ehtiyatlıdır. ABŞ-nin iri investisiya bankı "Goldman Sachs" analitikləri hesab edirlər ki, 2026-cı ilin sonuna qədər "Brent" markalı neftin qiyməti 54 dollara qədər enə bilər, illik orta qiymətin isə 56 dollar səviyyəsində formalaşacağı gözlənilir. Bank mütəxəssisləri bu proqnozun reallaşması üçün əsas risk amilləri sırasında geosiyasi gərginlikləri və regional münaqişələri göstərirlər.

Qeyd edək ki, neft qiymətlərindəki dəyişikliklər enerji ixracatçısı olan ölkələrin, o cümlədən Azərbaycanın büdcə gəlirlərinə və valyuta daxilolmalarına birbaşa təsir göstərir.

Son xəbərlər