Neft qiymətlərinin kəskin artmasının dünya üçün nəticələri açıqlanıb

Neft qiymətlərinin kəskin artmasının dünya üçün nəticələri açıqlanıb
İqtisadiyyat 76

Neft qiymətlərinin artması qlobal iqtisadiyyatda zəncirvari təsir yaradır və nəticədə bu, birbaşa istehlakçıların həyatına təsir göstərir.

BAKU.WS xəbər verir ki, bu barədə "Sberİnvestisiya" analitiklərinin "Gazeta.Ru"ya açıqlamasında bildirilib.

Analitiklərin sözlərinə görə, Brent markalı neftin bahalaşmasının ilk təsiri yanacaq bazarında hiss olunur. Azad qiymətqoyma sisteminin tətbiq olunduğu ölkələrdə neftin 10 dollar/barel artması adətən benzin qiymətinin təxminən 0,25 dollar/qlon bahalaşmasına səbəb olur. Bu təsir isə adətən 2-4 həftə ərzində özünü göstərir.

Daha sonra neftin bahalaşması inflyasiyanı sürətləndirir. Çünki neft iqtisadiyyatın demək olar ki, bütün sahələrinə - logistika, istehsal və qablaşdırmaya qədər təsir edir. Analitiklərin hesablamalarına görə, bu proses bir neçə ay ərzində qlobal inflyasiyaya təxminən 0,4 faiz bəndi əlavə edə bilər.

Mütəxəssislər qeyd edirlər ki, neftin qiymət artımı ərzaq məhsullarının bahalaşmasına da təsir edir. Bu, kənd təsərrüfatının yanacaq, logistika və gübrələrdən asılı olması ilə bağlıdır. Gübrələrin istehsalında isə əsas xərclərin əhəmiyyətli hissəsini qaz təşkil edir. Nəticədə 6-12 ay ərzində dünya üzrə ərzaq qiymətlərinin təxminən 2,5% artması ehtimal olunur.

Analitiklərin fikrincə, neft qiymətlərinin artımı xüsusilə idxaldan asılı ölkələrə daha çox təsir göstərir. Bu ölkələr arasında Hindistan, Türkiyə və Yaponiya qeyd olunur. Belə iqtisadiyyatlarda inflyasiya orta qlobal səviyyədən əlavə 35-40 baza bəndi qədər arta bilər ki, bu da milli valyutalara təzyiq göstərir və iqtisadi artımı zəiflədir.

Qeyd edək ki, fevral ayının sonundan bəri Brent neftinin qiyməti 50%-dən çox artıb.

Son xəbərlər