Misirin neft naziri Bakıda ölkənin enerji və mədən sektorlarındakı 6 prioriteti açıqlayıb

Misirin neft naziri Bakıda ölkənin enerji və mədən sektorlarındakı 6 prioriteti açıqlayıb
İqtisadiyyat 14

Misir iqtisadiyyatın enerji və mədən sektorlarının modernləşdirilməsi üçün altı strateji prioriteti müəyyən edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Misirin neft və mineral ehtiyatlar naziri Karim Badavi 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bəyan edib.

Nazir qeyd edib ki, əsas prioritet özəl şirkətlər üçün əlverişli investisiya mühitinin formalaşdırılması, həmçinin fəaliyyətdə olan yataqların istismarının səmərəliliyinin artırılması və yeni ehtiyatların aşkar edilməsi məqsədilə geoloji-kəşfiyyat işlərinin genişləndirilməsi yolu ilə karbohidrogen hasilatı templərinin artırılmasıdır.

"İkinci istiqamət mövcud infrastrukturun maksimum səviyyədə istifadə edilməsidir. Misir güclü neft-kimya və neft emalı sektoruna, qaz ixracı terminallarına, həmçinin qaz idxalını təmin edən üzən reqazifikasiya qurğuları (FSRU) infrastrukturuna malikdir. Bu, həm yerli, həm də regional mənşəli karbohidrogen xammalından yüksək əlavə dəyərli məhsullar istehsal etməyə imkan verir.

Üçüncü prioritet mədən sektorudur. Onun modernləşdirilməsi çərçivəsində ölkədə 40-42 il ərzində ilk dəfə bütün ərazinin hərtərəfli aerofotoçəkilişi həyata keçirilib", - K.Badavi bildirib.

Nazirin sözlərinə görə, dördüncü istiqamət enerji balansının şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasıdır.

"Milli strategiyaya uyğun olaraq, 2030-cu ilə qədər enerji istehlakının ümumi strukturunda bərpa olunan enerji mənbələrinin (BOEM) payı 42 %-dir. Beşinci prioritet insan kapitalına investisiyalar və iqlim gündəliyi nəzərə alınmaqla gələcək nəsillər naminə fəaliyyətdir. Altıncı istiqamət isə regional səviyyədə əməkdaşlığı əhatə edir", - nazir deyib.

K.Badavi vurğulayıb ki, Misirin əlverişli coğrafi mövqeyi və infrastruktur imkanları Şərqi Aralıq dənizindən qaz tranziti və regionun bütün iştirakçılarının xeyrinə karbohidrogen xammalının emalı sahəsində tərəfdaşlıq üçün perspektivlər yaradır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər