Mikayıl Cabbarov: "Azərbaycanda fəaliyyət şirkətlərə geniş regional bazara çıxış təmin edir"
Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara daxil olmaq imkanı yaradır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda bildirib.
"Siyasət baxımından biz iqtisadi subyektlərimizi investisiya yatırmağa həvəsləndirməkdən çəkinmirik. İnvestisiyaların cəlb edilməsi birinci prioritetimiz olsa da, başlıca hədəfimiz bilik, bacarıq və texnologiya potensialını yüksəltməkdir ki, bu da Azərbaycan iqtisadiyyatı çərçivəsində rəqabətədavamlı şəkildə istehsal edilə biləcək yeni məhsulların yaranmasına səbəb olsun".
O qeyd edib ki, bu məqsədə çatmaq üçün ölkə müxtəlif vasitələrdən yararlanır və risklərin bölüşdürülməsi yanaşmasını təqdim edir: "Bizdə maliyyə investoru funksiyasını yerinə yetirən Azərbaycan Sahibkarlığın İnkişafı Fondu kimi inkişaf qurumları fəaliyyət göstərir. O, azlıq payçısı kimi çıxış edərək səhm payçılıq risklərini öhdəsinə götürür və bununla da iqtisadi mühitimizin inkişafını və modernləşdirilməsini təmin edir. Biz eyni zamanda mövcud birgə investisiya fondlarından faydalanırıq, onların sayı artmağa davam edir, mandatları Azərbaycana, eləcə də region daxilində investisiya qoymaqdan ibarətdir".
M. Cabbarov bildirib ki, hazırda birgə Azərbaycan-Qazaxıstan, Azərbaycan-BƏƏ, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qırğızıstan birgə investisiya fondları mövcuddur və bu fondların hər birində Azərbaycanın minimum mövqeyi, kapital payı 55 % təşkil edir: "Bu, həqiqətən sizin üçün, müxtəlif sektorlarda imkanları görə və müəyyən edə biləcək və etməli olan müəssisələr üçün mövcud olan tam bir ekosistemdir".
Sənaye inkişafına diqqət yönəldən nazir, Azərbaycanda iqtisadi yüksəliş üçün ən böyük potensiala malik olan və özəl kapital üçün ən cazibədar sayılan iqtisadiyyat sahələrinin prioritet olaraq seçildiyini açıqlayıb: "Biz bunu müvafiq dövlət proqramları vasitəsilə reallaşdırırıq. Bunlar həm slovak müəssisələrinin iqtisadi profili, həm də Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri baxımından aktual məsələlərdir. Sənaye istehsalını nəzərdə tutan komponentlər üçün biz xüsusi sənaye inkişafı zonalarında "qoş-istifadə et" prinsipini tətbiq edirik. Burada mən Ələt Azad İqtisadi Zonasına diqqət çəkəcəyəm ki, bu, sənaye zonaları konsepsiyası baxımından tacın ləl-cəvahiratıdır, əsas etibarilə ixracı və regional bazarlara çıxışı hədəf alır. Ələt Bakıdakı limanın adıdır. Gələn ilin ortalarına qədər azad iqtisadi zonanın tərkib hissəsi olaraq beynəlxalq hava limanı istismara veriləcək, dəmir yolu əlaqəsi mövcuddur və Mərkəzi Asiyadan, Çindən Qərbə, Qara dənizə, Türkiyəyə, Avropaya və əks istiqamətdə yük axını üçün bu, əsl qovşaq nöqtəsidir".
Oxşar xəbərlər
Bakıda OPEC+ ölkələrinin iclası keçirilib
Bakıda OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclası keçirilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycanın ev sahibliyi...