Mehriban Əliyevanın Birinci vitse-prezident postunda hansı işləri görəcəyi bilindi
Ötən ilin sentyabr ayının 26-da keçirilmiş referendumda qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərə əsasən, ölkəmizdə vitse-prezidentlik institutu təsis edilib. Ötən çərşənbə axşamı prezident İlham Əliyev birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanı təyin edib.
Bəs Azərbaycanın siyasi reallıqlarında vitse-prezidentlik institutu nədir?
Son onilliklər ərzində formalaşmış hakimiyyət şaquluna o necə təsir göstərəcək? Vitse-prezidentlik institutu, Nazirlər Kabineti və Prezident Administrasiyası arasında qarşılıqlı münasibətlər hansı formada qurulacaq? Bunlar hakimiyyətin hələ ki cavabını vermədiyi təbii suallardır və cəmiyyətdə qızğın müzakirə obyekti olmaqdadır.
Vəziyyətin mürəkkəbliyi hələlik vitse-prezidentlərin səlahiyyətləri haqqında qanunun olmamasından irəli gəlir. İlk şərhlərində siyasi ekspertlərin bəziləri Azərbaycandakı vitse-prezidentlik institutunu ABŞ analoqu ilə müqayisə etməyə çalışıblar. Axı bu vəzifə ilk dəfə məhz həmin ölkədə yaranıb.
Məlum olduğuna görə, Ştatlarda vitse-prezident prezidentdən sonra ölkənin ikinci şəxsidir. Prezident öz səlahiyyətlərini icra edə bilmədikdə birinci vitse-prezident onu əvəz edir.
Öz səlahiyyətləri dövründə Azərbaycan Respublikasının vitse-prezidenti toxunulmazdır. O, cinayət başında yaxalanması halı xaric, saxlanıla, cinayət məsuliyyətinə cəlb edilə, ona qarşı inzibati cəza tədbirləri yönəldilə, onun barəsində axtarış qərarı çıxarıla bilməz. Lakin bu nüanslar ümumiləşdirilmiş xarakter daşıyır və birinci vitse-prezidentin cəmiyyətdəki rolunun əhəmiyyətini açmır.
Suallara cavab tapmaq üçün virtualaz.org konstitusiya islahatlarının hazırlanmasında iştirak etmiş bir sıra ekspert və deputatlara müraciət edib.
Onlarin fikrincə, Azərbaycanda müşahidə edilən iqtisadi problemlər və prezident İlham Əliyevin onların aradan qaldırılması məqsədilə apardığı miqyaslı islahatlar fonunda vitse-prezidentlik institutuna kəskin zərurət yaranmışdı. Bununla birlikdə, islahatların həyata keçirilməsində Nazirlər Kabinetinin funksiyaları və rolu çoxlu suallar yaradırdı. Əgər prezident bu və ya digər islahatın həyata keçirilməsinə görə bütün siyasi məsuliyyəti öz üzərinə götürürsə, digər icra orqanları burada ya passiv rol oynayırlar, yaxud da fəal müşahidəçiyə çevrilirlər.
Digər tərəfdən, Nazirlər Kabineti kollegial orqandır və bu və ya digər proseslərə operativ və vaxtında müdaxilə etmək iqtidarında deyil. Özünün azacıq əhəmiyyətli qərarlarını belə hökumət müxtəlif nazirliklər səviyyəsində təsdiq etdirməli və digər prosedur qaydalara riayət etməlidir. Bəzən həmin proses illərlə uzana bilər və bu, islahatların sürətini azaldır, onları ətalətli və uğursuz edir.
Bu baxımdan, vitse-prezidentlik institutu prezidentin bu və ya digər göstərişlərinin həyata keçirilməsinə nəzarəti gücləndirə, bürokratik əngəlləri aradan qaldıra və proseslərin qat-qat sürətlənməsinə səbəb ola bilər.
Vitse-prezidentlik institutu o qədər çevik orqandır ki, hakimiyyətin digər şaxələrinin, o cümlədən Nazirlər Kabinetinin statusuna xələl gətirmədən öz funksiyalarını həyata keçirir. Ekspertlərin rəylərinə görə, bütün bu dəyişikliklərə baxmayaraq, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanı olaraq qalır.
Beləliklə, icmalçılar öz fikirlərində yekdildirlər - Azərbaycanda vitse-prezidentlik institutunun tətbiqi və birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi iqtisadi islahatları sürətləndirəcək. Azərbaycan iqtisadiyyatının qarşılaşdığı çətinliklər sürətlə və cəsarətli qərarlar qəbul edərək, bunun bütün məsuliyyətini öz üzərinə götürə bilən icra orqanının mövcudluğunu zəruri edir. Böyük iş təcrübəsini və şəxsi peşəkar keyfiyyətlərini nəzərə alaraq, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası şübhə doğurmur.
BAKU.WS
Oxşar xəbərlər
Leyla Əliyeva anasını belə təbrik etdi (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva anası Mehriban Əliyevanı yeni təyinat ilə bağlı təbrik edib. BAKU.WS-in məlumatına görə, Leyla Əliyeva...