May ayında bahalaşan və ucuzlaşan məhsullar məlum olub

May ayında bahalaşan və ucuzlaşan məhsullar məlum olub
Foto
İqtisadiyyat 15

Azərbaycanda 2026-cı ilin may ayında istehlak qiymətləri indeksi (inflyasiya) aylıq müqayisədə 0,1 faiz artıb, illik göstərici isə 5,6 faiz təşkil edib.

BAKU.WS Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, yanvar–may aylarında istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz yüksəlib. O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə artım 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7 faiz olub.

May ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki aya nisbətən 0,1 faiz azalıb, ötən ilin may ayı ilə müqayisədə isə 6,6 faiz artım göstərib.

Aylıq dəyişikliklərə əsasən, qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, kəsmik, bitki yağları, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, bəzi tərəvəzlər və qazlı-qazsız içkilərin qiymətləri bahalaşıb.

Eyni zamanda, balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, badımcan, yerkökü, sarımsaq və kartofun qiymətində ucuzlaşma qeydə alınıb. Digər qida məhsullarında ciddi dəyişiklik olmayıb.

Qeyri-qida məhsulları üzrə qiymətlər may ayında aylıq 0,1 faiz, illik isə 3,9 faiz artıb. Bu dövrdə boya, plastik borular, yuyucu vasitələr və şəxsi gigiyena məhsullarında bahalaşma, zərgərlik məmulatlarında isə ucuzlaşma qeydə alınıb.

Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə qiymətlər isə aylıq 0,2 faiz, illik 5,7 faiz artıb. Xüsusilə beynəlxalq hava nəqliyyatı xidmətlərində qiymət artımı müşahidə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər