KOBİA-nın rəhbəri: "Forumun məqsədi həm də halal ticarətin mahiyyətini yenidən gətirməkdir"

KOBİA-nın rəhbəri: Forumun məqsədi həm də halal ticarətin mahiyyətini yenidən gətirməkdir
İqtisadiyyat 34

"Artıq ikinci ildir ki, təşkil edilən AZHAB Forumunun məqsədi yalnız iqtisadi əlaqələrin qurulması deyil, həm də halal ticarətin mahiyyətini - dürüstlük, etibar və ədalət prinsiplərini yenidən gündəmə gətirməkdir. Bu dəyərlər olmadan nə real bazar inkişaf edə bilər, nə də sahibkarlıqda davamlı uğur mümkündür".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu KOBİA idarə heyətinin sədri Orxan Məmmədov 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, halal ticarət sadəcə məhsulun və ya xidmətin tərkibi ilə deyil, insanın niyyəti və davranışı ilə ölçülür:

"Azərbaycan bu dəyərləri əsrlər boyu yaşadan, eyni zamanda, multikulturalizm yanaşmasını qoruyan və inkişaf etdirən ölkə kimi tanınır.

KOBİA olaraq biz çalışırıq ki, halal prinsiplər sahibkarlarımız üçün yalnız dini və ya etik anlayış kimi yox, həm də müasir biznes modeli kimi formalaşsın. Çünki dürüst sahibkarlıq - həm müştərinin, həm tərəfdaşın, həm də cəmiyyətin etimadını qazanmağın ən güclü yoludur. Biz bu istiqamətdə halal sertifikatlaşdırma sistemlərinin təkmilləşdirilməsi, sahibkarlara təlim və məsləhət xidmətləri, eləcə də halal brendin beynəlxalq tanıdılması üzərində çalışırıq".

Orxan Məmmədovun sözlərinə görə, iki gün davam edəcək, konfrans və sərgidən ibarət olacaq forum çərçivəsində daha iki mühüm təşəbbüsün icrası ilə bağlı iclaslar da təşkil olunacaq:

"Bunlardan biri "İqtisadi Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi"nin təsisi ilə bağlıdır.

Bu təşəbbüsün İƏT-ə üzv ölkələrin KOB-larla məşğul olan qurum və təşkilatlarını bir araya gətirərək bu sahədə qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsinə öz töhfəsini verəcəyinə inanıram. Digər iclas isə keçən il ölkəmizdə keçirilmiş COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülən "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"nin icrası ilə bağlı ilkin fəaliyyət planının müzakirəsinə həsr olunacaq".

Son xəbərlər