IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib

IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib
İqtisadiyyat 45

Beynəlxalq Valyuta Fondunun (IMF) İcraiyyə Şurası martın 21-də fondun Nizamnaməsinin IV maddəsi çərçivəsində Azərbaycanda keçirilmiş illik məsləhətləşmələrin nəticələrini müzakirə edib.

BAKU.WS report-a istinadən xəbər verir kiç fondun Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon 2025-ci il yanvarın 22-dən fevralın 5-dək Bakıda səfərdə olub. Bu müddətdə o, hökumət və Mərkəzi Bank nümayəndələri ilə görüşlər keçirib.

IV maddəyə əsasən, IMF beynəlxalq valyuta sisteminin sabitliyini təmin etmək üçün üzv ölkələrin iqtisadi, maliyyə və valyuta siyasətinə nəzarət edir. Bu məsləhətləşmələr çərçivəsində fondun ekspertləri makroiqtisadi vəziyyəti təhlil edir, məlumat toplayır və milli hakimiyyət orqanları ilə əsas iqtisadi məsələləri müzakirə edirlər. Səfərin nəticələrinə əsasən hazırlanan hesabat İcraiyyə Şurasına təqdim edilir, bundan sonra isə fond ölkə hökumətinə öz tövsiyələrini göndərir.

IMF missiyası 2025-ci ilin əvvəlində Bakıya səfəri zamanı Azərbaycan hökumətinin iqtisadi bloku ilə makroiqtisadi göstəriciləri, neft-qaz sektorundakı vəziyyəti, dekarbonizasiya təşəbbüslərini, iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərini, həmçinin maliyyə sektorunun qiymətləndirilməsi ilə bağlı tövsiyələri müzakirə edib.

IMF-in məlumatında qeyd olunur ki, Azərbaycan hökumətinin fond əməkdaşlarının hesabatı və müvafiq mətbuat bəyanatı ilə tanış olması üçün əlavə vaxt tələb olunur.

Qeyd edək ki, Azərbaycan 18 sentyabr 1992-ci ildən IMF-in üzvüdür. 1995-2005-ci illərdə Valyuta fondu ölkədə iqtisadi islahatları dəstəkləmək məqsədilə ümumilikdə 577,3 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsaitlər tam qaytarılıb. 2006-cı ildən etibarən Azərbaycan və IMF arasında əməkdaşlıq IV maddə üzrə məsləhətləşmələr və makroiqtisadi siyasət sahəsində texniki dəstək çərçivəsində davam edir, çünki ölkənin fondun maliyyə resurslarına ehtiyacı olmayıb.

Son xəbərlər