IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır

IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır
İqtisadiyyat 34

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda nominal ÜDM-in 2023-cü ildəki 72,4 milyard ABŞ dollarından 2024-cü ildə 75,6 milyard ABŞ dollarına, 2025-ci ildə isə 77 milyard ABŞ dollarına qədər artacağaını proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə IMF-in "Dəyişən geoiqtisadi landşaftda naviqasiya" adlı "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya" yeni hesabatında deyilir.

Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımı 2023-cü ildəki 1,1 %-lə müqayisədə 3,2 % təşkil edəcək, 2025-ci ildə isə 2,5 %-dək azalacaq.

Qeyri-neft sektorunda artımın 2024-cü ildə 4,8 %, 2025-ci ildə 3,8 % səviyyəsində (2023-cü ildəki 3,7 %-ə qarşı) olacağı gözlənilir.

Eyni zamanda, neft sektoru üzrə ÜDM-də 2023-cü ildəki 4,2 %-lik azalma 2024-2025-ci illərdə 0,5 %-dək yavaşlayacaq.

Qazaxıstanda neft hasilatının artımının dayanması səbəbindən Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda neft ixracatçıları arasında artım tempinin 2023-cü ildəki 3,9 %-dən 2024-cü ildə 3,3 %-ə enəcəyi proqnozlaşdırılır.

2025-ci ildə ÜDM-in 3,9 %-ə qədər müvəqqəti artımı Qazaxıstandakı "Tengiz" neft yatağının genişləndirilməsi ilə əlaqədar olacaq.

Ortamüddətli perspektivdə Azərbaycan və Türkmənistanda böyük məbləğdə investisiya qoyuluşu olmadan istehsal gücləri ilə məhdudlaşan karbohidrogen hasilatının sabitləşməsi proqnozlaşdırılır.

"Qlobal neft və qaz qiymətlərinin azalması regionun Azərbaycan və Qazaxıstan kimi neft ixracatçıları arasında iqtisadi artımda qeyri-enerji sektorunun rolunu yüksəldib.

Xüsusilə Azərbaycanda və Qazaxıstanda hələ də yüksək istehlak kreditləşməsi və biznes kreditləşməsinin son dərəcə artımı ilə səciyyələnən böyük daxili tələb tikinti və xidmət sektorlarında aktiv iqtisadi fəallıqla müşayiət olunub. 2024-cü ildə Azərbaycanda dövlət və özəl investisiyalar bu sektora əhəmiyyətli təkan verib.

Ölkədə inflyasiyanın yavaşlaması pul-kredit siyasətini yumşaltmağa və uçot dərəcəsini 75 baza bəndi endirməyə imkan verib", - IMF vurğulayır.

Proqnozlara görə, Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildəki 8,8 %-ə qarşı 2024-cü ildə 2,1 %, 2025-ci ildə 4,8 % olacağı gözlənilir.

"Qlobal tendensiyalara uyğun olaraq, CCA-nın neft ixracatçıları arasında ümumi baza inflyasiyasının 2024-cü ildəki 7 %-dən ortamüddətli dövrdə 5,2 %-ə enəcəyi proqnozlaşdırılır.

Azərbaycanda 2024-cü ilin əvvəlində idxal inflyasiyasının təsirinin azalması səbəbindən inflyasiya əhəmiyyətli dərəcədə zəifləyib. Qazaxıstanda kommunal xidmət tariflərinin artması və valyutanın dəyərdən düşməsi səbəbindən inflyasiya təzyiqi yüksək olaraq qalır.

Qazaxıstan Mərkəzi Bankı cari faiz dərəcəsinin ilin sonuna qədər saxlanılacağının mümkün olduğunu bildirib. Türkmənistanda isə əksinə, yumşaq pul-kredit siyasəti və dövlət tərəfindən əməkhaqqı və pensiyaların illik 10 % artırılması inflyasiyanın yüksəlməsinə səbəb olub", - IMF bildirir.

Fondun məlumatına görə, neft ixracatçıları arasında Rusiya ilə xarici ticarətin həcmi 2024-cü ilin birinci rübündə azalıb: Qazaxıstandan Rusiyaya ixracda 20 %, Azərbaycandan ixracda isə 10 % azalma olub.

Eyni zamanda, ümumi ixrac və idxalın ümumi həcmi də azalıb ki, bu da neft və qaz qiymətlərinin aşağı düşməsi fonunda xarici mövqenin pisləşməsinə səbəb olub.

IMF enerji qiymətlərinin aşağı düşməsi fonunda neft ixracatçıları arasında xarici balansların azalacağını gözləyir, bununla belə, orta cari hesab profisiti bu il ÜDM-in 0,8 % həcmində qalacaq, ortamüddətli perspektivdə isə kəsirlə əvəzlənəcək.

Bu proqnoz apreldəki gözləntilərlə müqayisədə ÜDM-in 1,5 faiz bəndi artımını, Qazaxıstanda daha yüksək neft gəlirlərini və dividend repatriasiyasının azalmasını əks etdirir.

Karbohidrogenin ucuzlaşması, Türkmənistanda valyutanın yenidən qiymətləndirilməsi və Qazaxıstanda sənaye malları idxalının artım tempinin neft ixracını üstələməsi ilə əlaqədar gələcəkdə bütün neft və qaz ixracatçıları, xüsusən də Azərbaycan və Türkmənistanda cari hesab saldosunun pisləşəcəyi gözlənilir.

"Buna baxmayaraq, dövlət borcu ÜDM-in 20 %-i və ya ondan aşağı səviyyədə qalır ki, bu da bu ölkələrin sabit fiskal mövqeyindən xəbər verir", - hesabatda bildirilir.

Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin 20,5 %, 2025-ci ildə isə 20,3 % olacağı gözlənilir.

Hesabatın müəlliflərinin fikrincə, karbohidrogen gəlirlərinin azalması xüsusilə Azərbaycanda və Qazaxıstanda fiskal problemləri kəskinləşdirir. Hər iki ölkə karbohidrogen gəlirlərinin azalmasının təsirini yumşaltmaq üçün tədbirlər həyata keçirsə də (məsələn, Azərbaycanda və Qazaxıstanda vergi güzəştlərinin azaldılması və Qazaxıstanda korporativ vergi dərəcələrinin artırılması yolu ilə), bu tədbirlər dövlət borcunun artmasının qarşısını almaq üçün kifayət etmir (xüsusilə Qazaxıstanda). Bununla belə, dövlət sektorunun borc səviyyəsinin proqnozlaşdırılan dövrdə ÜDM-in 27 %-i və ya ondan aşağı səviyyədə qalacağı gözlənilir.

Son xəbərlər