Bu neft ölkəsində 720 faizlik inflyasiya olacaq, milli valyuta tərəzi ilə çəkilir
Neftin ucuzlaşmasından sonra dərin iqtisadi böhranın girdabına yuvarlanan Venesuelada illik inflyasiyanın 720 faizə çatacağı gözlənilir. Hiperinflyasiyanın tüğyan etdiyi ölkədə hazırda milli valyutanın-bolivarın ən böyük kupyurunun dəyəri cəmi 5 ABŞ sentidir. Başqa sözlə, 100 bolivar cəmi 5 sent, 1 ABŞ dolları isə 20 min bolivardır.
"The İndependent" yazır ki, Cənubi Amerikanın bu sosialist ölkəsində mağazalarda satıcılar alıcılardan malın haqqını pul kisələrini tərəzidə çəkməklə alırlar. Adamların çoxu pullarını böyük çanta və torbalarda gəzdirirlər. Təhlilçilər isə deyirlər ki, Venesuela inflyasiyası artıq cilovlana bilməz.
2014-cü ildən bəri sürətlə düşən neft qiymətləri Venesuela iqtisadiyyatını viran qoyub. Bütün bu proseslərə cavab olaraq prezident Nikolas Maduro milli valyutanın məzənnəsini saxlamağa çalışır və banklardan daha çox kağız pul çap olunmasını tələb edir.
Lakin pul qiymətdən düşdükcə malların qiyməti od tutub yanır. Paytaxt Karakasda delikates dükanının sahibi Humberto Gonzalez "Bloomberg”-in müxbirinə deyib ki, o nazik pendir dilimlərini və alıcılardan qəbul etdiyi pul bağlamalarını eyni tərəzidə çəkir.Gonzales deyib ki, hazırda pendir də puldan bahadır. Gonzales deyib ki, hazırda pendir də puldan bahadır.
Venesuelada pulun çəkiylə hesablanması maliyyə böhranının nə dərəcədə dərinləşdiyini göstərir. Konsaltinq firmalarından birinin direktoru Jesus Casique deyir ki, sadə venesuelalılar vəziyyətin nə dərəcədə ciddi olduğunu dərk eləmirlər, çünki hökumət bu barədə heç bir məlumat vermir.
Neft Venesuela ixracatının 90 faizini və ölkə iqtisadiyyatının dörddə birini təşkil edir. Ənənəvi olaraq neft gəlirləri dövlət büdcəsinin tam yarısını təmin edərdi. "The İndependent" yazır ki, Venesuela əksər neft ölkələri kimi Holland xəstəliyinə tutulub. Məqalədə deyilir ki, 2014-cü ildən bəri neft qiymətləri düşməyə başlayanda bolivarın devalvasiyadan başqa yolu qalmırdı.
Prezident Maduro inqilabı sələfi Uqo Çaves 2013-cü ildə vəfat edəndən sonra vəziyyətdən çıxış yolunu milli valyuta bolivarın məzənnəsini saxlamaqda görüb. Bu isə öz növbəsində ölkədə nəhəng qara bazarın yaranması ilə nəticələnib. İndi fərasətli venesuelalılar üçün min bir fırıldaqla dollar əldə edib onu bolivara satmaq ən gəlhagəlli biznesə çevrilib. Elə bu biznesin nəticəsidir ki, Venesuela inflyasiyasını hədsiz şişirtməkdə davam edir.
Karakasın varlı məhəllələrindən birində qəzet köşkü saxlayan və burada siqaret və xırdavat satan kişi "Washington Post” qəzetinə deyib ki, o hər axşam plastik kisəni 100 min bolivar əskinasla doldurub qarət olunmaqdan qorxa-qorxa evinə aparır. "Bu qədər pul" isə təxminən 42 funt sterlinq edir.
42 yaşlı köşk sahibi deyir ki, ən çox satdığı mal siqaretdir və neftin qiyməti düşəndən bir qutu siqaretin qiyməti 250 bolivardan 2 min bolivara qalxıb. Əcnəbilər üçün bu o deməkdir ki, bankomatdan 10 dollar dəyərində milli valyuta çıxarmaq istəsən gərək böyük çantanı hazır saxlayasan.
Elektron hesablaşma daha münasib olsa da, bütün ölkə boyunca xırda bizneslərin buna pulu çatmır. Bu arada ölkəni sosialist şüarları ilə idarə etməkdə davam edən Maduro ölkədə yaranmış acınacaqlı vəziyyətə görə müxalifəti və "imperialist" ABŞ-ı ittiham edir. "The İndependent" yazır ki, prezident daha bir çıxış yolu da tapıb və o daha iri məbləğli əskinasların çap olunmasını planlaşdırır. Hazırda ölkənin ən iri əskinası 100 bolivardırsa, indi əskinaslar 500-lüklərdən başlayıb 20 minliyə çatacaq. 20 min bolivarın dəyəri isə 8 funt sterlinqdir.
Amma təzə pullar buraxılanadək venesuelalılar nə edəcəklərini bilmirlər. Karakas ətrafında çörək sexi olan Bremmer Rodriqes deyir ki, evi pul kisələri ilə doludur."Mən özünü lap narkobaron Pablo Eskobar kimi hiss edirəm, pul dağlarının üstündə oturmuşam"-25 yaşlı Rodriqes bildirir. (BBC-nin xülasəsi əsasında)
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: "Azərbaycan neft hasilatını və ixracını artırmayacaq" (VİDEO)
"Dünyanın enerji bazarının tənzimlənməsi, neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edi...