Azərbaycandakı inflyasiyanın səviyyəsi açıqlandı

Azərbaycandakı inflyasiyanın səviyyəsi açıqlandı
İqtisadiyyat 1036
 

2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1%, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,4% bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1% ucuzlaşıb.

Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, toyuq ətinin, yumurtanın, balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, alçanın, şaftalının, qarpızın, yemişin, pomidorun, badımcanın, yerkökünün, kartofun, tütün məmulatlarının qiymətlərində ucuzlaşma, mal və qoyun ətinin, pendirin, kərə və zeytun yağlarının, limonun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, ayaqqabıların, inşaat materiallarının, benzinin, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, soyuducuların, tozsoranların, alət və avadanlıqların, velosipedlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma, geyimin, səs və təsvir yazılışı üçün daşıyıcıların, kondisionerlərin, fərdi kompüter və mobil telefonların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, dəmiryol və taksi nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətlərində bahalaşma, ev və məişət xidmətlərinin, hava nəqliyyatı ilə sərnişindaşıma xidmətinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər