Azərbaycan tarixdə bir ilkə imza atacaq: İqtisadiyyatımızı nə gözləyir? - ŞƏRH
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib.
Energetika Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb.
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaltmalı olacaq.
Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
2020-ci ilin iyul-dekabr aylarında isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 mln. barrel azaldılması razılaşdırılıb.
Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 mln, qeyri-OPEC üzrə isə 3,132 mln barrel müəyyənləşdirilib.
Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq.
Neft hasilatının azaldılması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Ekspertlərin fikrincə, əgər neft hasilatının azaldılması “qara qızıl”ın qiymətinin artımına səbəb olacaqsa, bu zaman ölkə nəinki ziyana düşəcək, hətta bu istiqamətdə daha çox qazanc əldə ediləcək.
Ekspert İlham Şaban BAKU.WS-ə bildirib ki, Energetika Nazirliyinin OPEC-ə təqdim etdiyi göstəriciyə görə, mart ayından bizdə gündəlik 683 min barel neft hasilatı olub.
“Bundan 23 faiz çıxanda 157 min barel edir. Azərbaycan tarixdə ilk dəfə olaraq təbii yolla azaltmaq yox, hansısa quyuları bağlamaqla bu addımı atmalıdır.
Biz azaltdığımız məhsulu harasa satıb qazana bilərdik. Bu may ayının birindən baş verməlidir, gələn ilin aprel ayının 30-na qədər bu proses davam etməlidir. Həmin ərəfədə neftin qiyməti nə qalxdısa, bu bizim qazancımızdır.
Mərkəzi Bankın 2019-cu il üçün açıqladığı tədiyyə balansına görə neft və neft məhsulları 7 faizdən ixracatda paya malik oldu.
Neft kifayət qədər Azərbaycan iqtisadiyyatında pul gətirən vahid olaraq qalırsa, ümumilikdə ölkəmizdə heç bir əmtəə, məhsul və xidmət onunla rəqabətə girəcək şəkildə deyilsə, yaxın zamanda bu istiqamətdə perspektivlər görünmürsə, bu, əlbəttə ki, xeyirdir”, - deyə ekspert bildirib.
Millət vəkili, ekspert Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib ki, neft hasilatının azaldılması ilə bağlı verilən qərarda əsas məqsəd bazarda onun qiymətinin stabilləşməsi və növbəti mərhələlərdə neftin qiymətinin artımına nail olmaqdır.
“Bu gün inkişaf etmiş ölkələrdə, xüsusən də koronavirusun təsiri güclü olan ölkələrdə hansı müddətdə minimumlaşdırılması əhəmiyyətli olacaq.
Bu, birbaşa neftin qiymətinə təsir edən faktorlardan olacaq. Təbii ki, “OPEC plus” üzvü olan ölkələr neft hasilatının azaldılması ilə bağlı öhdəlik götürüblər.
Azərbaycan da “OPEC plus”a üzv ölkə olaraq belə bir öhdəlik götürüb. Əslində Azərbaycan üçün neftin qiymətinin dünya bazarında stabilləşməsi və artması çox önəmlidir.
Qiymətlər o səviyyədədir ki, hətta çox neft hasil edən ölkələr belə stabil gəlirlər əldə edə bilmirlər. Çünki praktiki olaraq neft bazarı çöküb, qiymətlər kəskin aşağıdır.
“OPEC plus” üzv ölkələrinin hədəfi qiymətlərin stabilləşməsidir. Əgər qiymətlər stabilləşərsə, Azərbaycan hətta az neft hasil etsə də belə qiymətlər yüksək olduğuna görə daha çox valyuta, gəlir əldə edə biləcək.
Azərbaycan 2010-cu ildə 51 milyon ton neft hasil edib. 2018-ci ildə isə Azərbaycan 38,8 milyon ton neft hasil edib.
Bütövlükdə son 8 ildə Azərbaycanda son neft hasilatı 10 milyon tona yaxın azalıb. Yaxın vaxtlarda bizim neft hasilatını artırmaq planlarımız yoxdur.
Çünki Azərbaycan mavi qaz hasilatını artırmağı hədəfləyir. Bu baxımdan qiymətlər stabilləşdiyi fonda Azərbaycanın neft hasilatını azlaltması iqtisadiyyatımıza mənfi təsir göstərməyəcək.
Hətta qiymətlərin artması müşahidə olunarsa, bu Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Məqsəd qiymətlərin artmasıdır.
Yəni qiymətlərin artmasına nail olsaq, bu zaman hasilatın azaldılmasına baxmayaraq ölkəyə daha çox valyuta daxil olacaq”, - deyə Vüqar Bayramov bildirib.
Oxşar xəbərlər
Azərbaycan neft hasilatını azaldacaq
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən m...