"Airspace World 2026": AZANS bir sıra beynəlxalq şirkətlərlə yeni təşəbbüslər elan edib
"AZCON Holding"in tərkibinə daxil olan "Azerbaijan Airlines" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) rəhbər heyətin iştirakı ilə "Airspace World 2026" beynəlxalq sərgisində və "CANSO Leadership Summit" sammitində iştirak edib.
BAKU.WS xəbər verir ki, tədbirlər çərçivəsində AZANS aeronaviqasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, əməliyyat dayanıqlılığının artırılması və gələcəyin hava məkanı həllərinin formalaşdırılması məqsədilə bir sıra strateji görüşlər, təqdimatlar və tərəfdaşlıq təşəbbüsləri həyata keçirib.
"Airspace World" dünyanın aparıcı aviasiya platformalarından biri hesab olunur. Tədbirə 140-dan çox ölkədən nümayəndələr, 200-dən artıq şirkət və 10 000-dən çox beynəlxalq iştirakçı qatılıb. "Airspace World 2026" çərçivəsində AZANS öz stendi ilə təmsil olunaraq Azərbaycanın aeronaviqasiya sistemini və ölkənin strateji tranzit potensialını beynəlxalq aviasiya ictimaiyyətinə nümayiş etdirib.
"Airspace World 2026" çərçivəsində AZANS beynəlxalq media brifinqində təqdimatla çıxış edib. Təqdimat zamanı dəyişən geosiyasi reallıqlar fonunda qlobal hava hərəkəti axınlarının transformasiyası, Avropa - Asiya marşrutlarında struktur dəyişiklikləri, regional koordinasiya, yüksək tranzit trafik şəraitində əməliyyat dayanıqlığının təmin olunması, eləcə də Azərbaycanın hava məkanında artan hava hərəkəti həcmlərinin effektiv idarəolunması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
AZANS rəhbərliyi, həmçinin "Yeni geosiyasi dövrün çağırışları şəraitində hava məkanının gücləndirilməsi: texnologiyalar, dayanıqlılıq və mülki-hərbi əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq panel müzakirəsində iştirak edib.
Panel çərçivəsində müasir hava məkanının təhlükəsizliyi, əməliyyat çevikliyi, mülki-hərbi koordinasiya, rəqəmsal transformasiya və dayanıqlı ATM həllərinin rolu ilə bağlı aktual məsələlər müzakirə olunub.
"Airspace World 2026" çərçivəsində AZANS bir sıra strateji görüşlər keçirib və "DFS Aviation Services" (DAS), "UK CAAI", "NATS" və "Rohde & Schwarz" daxil olmaqla beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq təşəbbüslərini elan edib. Əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq və regional hava limanlarında yeni nəsil ATM sistemlərinin inkişafını, aeronaviqasiya infrastrukturunun rəqəmsal transformasiyasını, uçuşların təhlükəsizlik idarəetmə sistemlərinin (SMS) gücləndirilməsini, qabaqcıl beynəlxalq təcrübələrin tətbiqini və əməliyyat dayanıqlığının artırılmasını əhatə edir.
Tədbir çərçivəsində AZANS nümayəndə heyəti, həmçinin ICAO, EUROCONTROL, "HungaroControl", INDRA, "Aireon", "Think Research", ERA, "Gesab" və digər beynəlxalq təşkilat və şirkətlərin nümayəndələri ilə danışıqlar aparıb. Görüşlər zamanı regional koordinasiya, rəqəmsal inteqrasiya, hava hərəkətinin dayanıqlılığı və gələcək beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qalereya
Oxşar xəbərlər
IMF Mərkəzi Banka konsolidasiya edilmiş nəzarətə keçidi və maliyyə təhlükəsizliyinin gücləndirilməsini tövsiyə edir
Kapital adekvatlığının yüksək göstəriciləri və mənfəətlilik səviyyəsi Azərbaycanın bank sisteminin dayanıqlı olduğunu təsdiqləyir. BAKU.WS report-a istinadən xə...