VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün bir qədər sonra keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu da, əminəm ki, iqtisadi sahədə, biznes dairələrinin birgə fəaliyyəti sahəsində çox önəmli addım olacaqdır. Bu biznes foruma həm Ukraynanın, həm də Azərbaycanın biznes dairələrindən çox böyük maraq var. Əminəm ki, konkret məsələlər müzakirə ediləcək.

Təbii ki, Ukrayna-Azərbaycan ikitərəfli Hökumətlərarası Komissiyasının fəaliyyətindən çox şey asılıdır. Əfsuslar ki, son bir neçə il ərzində komissiya demək olar fəaliyyət göstərmirdi. Ancaq biz indi birgə qərarla komissiyanın fəaliyyətinə yeni təkan veririk. Razılaşdırdıq ki, gələn ay artıq komissiya yığışacaq və prezidentlər tərəfindən verilən tapşırıqlar geniş müzakirə ediləcəkdir".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, ticarət dövriyyəsinin artırılması ilə yanaşı, birgə sərmayə qoyuluşu layihələri böyük maraq doğurur:

"Biz bu barədə də geniş fikir mübadiləsi apardıq. Həm Ukraynanın Azərbaycana, həm də Azərbaycanın Ukraynaya sərmayə qoyuluşu ilə bağlı konkret təkliflər vardır. Hesab edirəm ki, bu təkliflər həyatda öz əksini tapa bilər. Bir çox sahələrdə birgə sərmayə layihələri bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir.

Energetika sahəsində əməkdaşlıq müzakirə edildi. SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası vardır. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaqdır.

Əvvəlki illərdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq aparılırdı. Biz Ukraynadan 400-dən çox kənd təsərrüfatı texnikasını almışıq və bu əməkdaşlığı davam etdirmək istəyirik.

Digər önəmli məsələ, - bu gün bu məsələyə kifayət qədər böyük vaxt ayrıldı, - turizmin inkişafıdır. Həm Azərbaycanın, həm Ukraynanın çox böyük və zəngin turizm imkanları vardır. Bu sahədə də birgə əməkdaşlıq, təcrübə mübadiləsi, birgə layihələr müzakirə edildi, geniş fikir mübadiləsi aparıldı və konkret tapşırıqlar verildi".

BAKU.WS