SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Dünyanın bir çox ölkələrində, eləcə də Türkiyədə hər il elan olunan vergi rekordçuları siyahısında məşhur sənət adamlarının adları da yer alır. Türkiyədə rekord məbləğdə vergi ödəyən məşhruların ilk beşliyində maraqlı televiziya layihələri ilə tanınan Acun İlicalı, şoumen Cem Yılmaz və müğənni Seda Sayanın da adı var. Bəs Azərbaycanda vəziyyət necədir? Şou əhli  nə qədər vergi ödəyir? Onların özlərinin açıq şəkildə mətbuatda elan etdikləri yüksək gəlirlərlə ödədikləri vergilər arasında uyğunluq varmı?

BAKU.WS bu suallara cavab tapmaq üçün kiçik bir araşdırma edib. Azərbaycanda vergi ödəyicisi olan məşhurların vergi ödəyib ödəmədikləri ilə maraqlandıqda fərqli mənzərə ilə qarşılaşdıq. Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov BAKU.WS-ə açıqlamasında nümunəvi vergi ödəyicilərindən biri olduğunu deyib. Onun sözlərinə görə sənətə başladığı gündən bu günə kimi dövlətə vergi ödəyir: "Vergilər Nazirliyindən rəsmən qeydiyyyatdan keçmişəm. Şəxsi VÖEN-üm var və rüblük təyin olunan məbləği vaxtında ödəyirəm".
 
Baloğlan Əşrəfov qeyd edib ki, pulsuz oxuduğu toylara görə də vergi ödəyir: "Çox vaxt toylarda pulsuz oxuyuram. Onun da vergisini ödəyirəm. Konsert və albom satışından gəlir əldə edə bilmədiyim üçün onlara görə vergi ödəmirəm” – deyə  sənətçi bildirib.

Əməkdar artist Nüşabə Ələsgərli də vergidən yayınmadığını, vaxtı-vaxtında vergisini ödədiyini söyləyir. O bildirir ki, hər üç aydan bir ödəniş edir və gecikməsi də olmur: "Bacardığım qədər  çalışıram ləngimələrə yol verməyim”, - deyə Nüşabə xanım söyləyib. Təxminən nə qədər vergi ödəyirsiniz sualına xanım müğənni bu işlə mühasibinin məşğul olduğunu deyib. 
 
Vasif Məhərrəmli isə BAKU.WS-ə açıqlamasında bəzi etiraflar edib. O, arada gecikmələrə yol verdiyini, ancaq ödənişi etdiyini söyləyib: "Bu yaxınlarda 3 aylıq 2020 manat məbləğində ödəniş etmişəm. Arada gecikmələr olur, amma vergimi ödəyirəm” - deyə Vasif Məhərrəmli bildirib.

Rəqqasə Fatimə də konkret rəqəm deməyib. Bu işlə mühasibi məşğul olduğu üçün rəqqasə ödənilən verginin məbləğindən xəbərsizdir: "Mən heç vaxt vergidən yayınmamışam. Bildiyiniz kimi mənim həm də şəxsi biznesim var. Həm toylara getdiyim üçün, həm də şəxsi biznesimə görə vergiləri vaxtında ödəyirəm” - deyə Rəqqasə Fatimə bildirib.
 
Vergilər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müğənillik fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladıqları günədək yaşadıqları yer üzrə vergi orqanında vergi ödəyicisi kimi uçota durmalıdırlar. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, həmin şəxslərin ardıcıl 12  aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 120.000 manat və ondan az olduqda onlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Müğənnilik fəaliyyəti ilə bağlı əldə olunan gəlirlərdən Bakı şəhərində 4 faiz, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 2  faiz dərəcə ilə sadələşdirilmiş vergi ödənilir. 

Bu fəaliyyətlə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, gəlir vergisinin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, gəlir verigisinin ödəyicisi olurlar və bu fəaliyyətdən əldə etdikləri gəlirlərindən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri çıxıldıqdan sonra qalan məbləğ 20 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilir.

Vergi orqanları tərəfindən musiqi fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərə nəzarət Azərbaycan Respublikası vergilər nazirinin əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmış "Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin uçotuna nəzarətin həyata keçirilməsi və gəlirlərin qeydiyyatı kitabının doldurulması qaydaları”na əsasən həyata keçirilir. Qaydalara görə, bütün şadlıq evləri və digər əyləncə obyektləri ərazi üzrə vergi orqanı tərəfindən nömrələnmiş, qaytanlanmış və möhürlənmiş xüsusi "Qeydiyyat kitabı” ilə təmin edilib.

Bu kitabda qeydlər hər bir musiqiçinin və digər əyləncə xidməti göstərən şəxsin ifaya başlamasından əvvəl aparılır. Aidiyyatı vergi orqanları hər ay ərazi üzrə istirahət, əyləncə, iaşə və digər obyektlərdə keçirilmiş tədbirlərdə musiqi xidmətləri göstərən şəxslərin əldə etdikləri gəlirlər barədə "Qeydiyyat kitabı”nda olan məlumatları toplayıb icmalaşdırırlar.

Vergilər Nazirliyi istər müğənnilər, istərsə də şou biznes ilə məşğul olan digər sənət adamları ilə bağlı müntəzəm maarifləndirmə və nəzarət tədbirləri həyata keçirir, vergidən yayınanlara mütəmadi olaraq xəbərdarlıqlar göndərir.

Nazirliyin bu günlərdə yaydığı bəyanatda bir daha vurğulanıb ki, görülən tədbirlərə baxmayaraq, onların bir qismi dövlət büdcəsinə ödəməli olduqlarından xeyli az vergi ödəyirlər. Şou biznes nümayəndələri vergidən yayınmanın müxtəlif üsullarından istifadə edirlər. 

Ən əsas problem isə gəlirlərin rəsmiləşdirilməməsdir. Bu təbəqədən olan vergi ödəyiciləri əldə etdikləri gəlirləri qazanc  əldə etdikləri obyektlərin "Qeydiyyat kitabı”nda düzgün əks etdirmirlər. Hətta göstərdikləri və imzaları ilə təsdiq etdikləri gəlirlərlə rüblük bəyannamələrdə qeyd olunan gəlir məbləğləri arasında uyğunsuzluqlar yaranır. Müğənnilərin bir şənlik mərasimindən əldə etdikləri gəlirlərin onların bəyan etdikləri rüblük gəlirdən dəfələrlə çox olması barədə kifayət qədər məlumatlar var. Araşdırılmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bir çox hallarda "Qeydiyyat kitabı”nın aparılmasına lazımi diqqət yetirilmir, burada çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi əks olunur.

Vergilər Nazirliyi dəfələrlə bəyan edib ki, kimin hansı dərəcədə məşhurluğundan asılı olmayaraq vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir. "Qeydiyyat kitabı”nda göstərilən gəlir məbləğlərinin azaldılması üçün hər iki tərəf – həm gəliri əldə edən, həm də onu ödəyən şəxslər məsuliyyət daşıyırlar. Buna məhəl qoymayanlar isə gec-tez ciddi sanksiyalarla, eləcə də digər məsuliyyətə cəlbetmə tədbirləri ilə üzləşməli olacaqlar.

Ayşən Ayxan
BAKU.WS