SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Maliyyə Bazarlarına Nəzarət Palatasının "10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilən bilər” açıqlamasından sonra Parlament də sözügedən məsələyə münasibət bildirdi. Kompensasiyanın verilə bilməsi ilə bağlı nikbin açıqlamalara baxmayaraq hələlik Mərkəzi Bank tərəfindən bu istiqamətdə real addımlar atılmayıb. Nəinki ikinci devalvasiyadan, elə manatın ilk dəyərsizləşməsindən sonra Qazaxıstan, hətta ABŞ kimi aparıcı ölkələrin də təcrübəsini nəzərə alaraq kreditlərə kompensasiyanın verilməsini hər an gündəmə gətirsəm də, təəssüf ki, Mərkəzi Bank bu məsələdə yenə də tərəddüd edir".
 
BAKU.WS-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) Vüqar Bayramov söyləyib. Onun sözlərinə görə, Mərkəzi Bankın bu tərəddüdü bank sektoru üçün ciddi çətinliklər yaratmaqdadır:
 
"Uzun müddət yüksək faizlərdən bəhrələnən banklar isə faizləri endirmək əvəzinə daha çox inzibati metodlardan istifadə etməyə çalışırlar. Əslində, bununla da problemi daha da dərinləşdirirlər. Nəticədə, getdikcə borcluların banka kreditlərini ödəməmək adiləşir. Devalvasiyadan sonra manatla xərcləri artan vətəndaşlara nə Mərkəzi Bank, nə də hələ də yüksək faizlərini saxlayan banklar güzəşt etmədiyindən borcluların çoxunun ödəmə qabiliyyəti pisləşib. Əslində, Mərkəzi Bank kreditlərə kompensasiya ödəməklə deyil, ödəməməklə maliyyə intizamınn pozulmasına imkan yaratdı".
 
V.Bayramov qeyd edib ki, zamanında kompensasiya mexanizmi tətbiq olunsaydı, problemli kreditlərin həcmi bu qədər artmazdı və ödənişləri yubatmaq adiləşməzdi: "Mərkəzi Bank bank sektorunda maliyyə intizamının daha da pisləşməsini arzulamırsa, o zaman qısa zamanda kreditlərə kompensasiya verməlidir. Əks halda, iqtisadiyyatın mühərriki hesab edilən bankları gözləyəcək problemləri proqnozlaşdırmaq çətin olmayacaq".
 
Şahin Həbibov
BAKU.WS