SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda "Koroğlu” metro stansiyasının yaxınlığında Nəqliyyatın Mübadilə Mərkəzi fəaliyyətə başlayıb.

BAKU.WS-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova gələcəkdə belə mərkəzlərin "Koroğlu” metro stansiyasının digər çıxışında, "Qara Qarayev” metro stansiyasının, "28 May” metro stansiyasının çıxışında, Bakı Beynəlxalq Avtovağzal Kompleksində də yaradılması nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi yarandığı gündən Bakının nəqliyyat sistemində, təhlükəsiz sərnişindaşıma sahəsində, ümumilikdə nəqliyyat şəbəkəsində təkmilləşdirmə və optimallaşdırma işləri həyata keçirilir. Bu həm sərnişinlər arasında qanunvericilikdən irəli gələn maddələrin maarifləndirmə yolu ilə çatdırılması, həm də məsələlərin öhdəlik kimi qarşıya şərt qoyulmasından ibarətdir. Nəqliyyatın Mübadilə Mərkəzi isə sərnişinlərin və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkəti üçün yaradılıb.

N.Allahyarova bildirib ki, bəzi ərazilərdə nəqliyyatın sıx hərəkəti müşahidə olunur və bu təhlükəsizlik baxımından ciddi problemlər yaradırdı. "Koroğlu” metro stansiyası ətrafında nəqliyyatın və sərnişinlərin xaotik hərəkətini aradan qaldırmaq və eyni dayanacaqda taksilərin, avtomobillərin, avtobusların dayanmasının qarşısını almaq məqsədilə Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb. Artıq "Koroğlu” metro stansiyasının önündə sıxlıq aradan qalxıb və avtobuslar mərkəzə toplanıb. Avtobuslar və sərnişinlər üçün dünəndən məlumatlandırıcı lövhələr yerləşdirilib və sərnişinlər getmək istədikləri məkanı, marşrut xətlərini həmin lövhələrdə görə bilərlər”, - deyə N.Allahyarova vurğulayıb.
 
Nuridə Allahyarova digər yenilik barədə də açıqlama verib. O deyib ki, "BakıBus” MMC-yə məxsus 1 nömrəli marşrutun sərnişinləri "Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən Nəqliyyatın Mübadilə Mərkəzində avtobusa minərkən ödənişi nəqliyyat vasitəsinin içərisində yerləşən "BakıKart” aparatında etməyəcək. Çünki 1 nömrəli marşrutun son dayanacağı artıq Nəqliyyatın Mübadilə Mərkəzində yerləşir. Mərkəzdə "BakıKart” aparatları və turniketlər quraşdırılıb.
 
"Nəqliyyatın Mübadilə Mərkəzində 1 nömrəli marşrutdan istifadə edən şəxslər ödənişləri Mərkəzdə yerləşən turniketlərdə həyata keçirəcəklər. Bu da avtobusların içərisinə daxil olarkən yaranan sıxlığı aradan qaldıracaq və avtobusun hər iki qapısından giriş üçün istifadə etməyə imkan verəcək”, - deyə N.Allahyarova vurğulayıb.

BAKU.WS