Yaxın Şərqdəki böhran səbəbindən Meksikada yanacaq qiymətləri artıb

Yaxın Şərqdəki böhran səbəbindən Meksikada yanacaq qiymətləri artıb
Dünya 12

İran ətrafında vəziyyətin gərginləşməsindən bəri Meksikada avtomobil yanacağının qiymətləri davamlı artım nümayiş etdirir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bahalaşma ən çox yüksək oktanlı benzin növlərinə və dizel yanacağına təsir edib.

Belə ki, "Premium" markalı benzin və dizelin qiyməti 7 %-dən 10 %-dək artıb. Hazırda bu cür benzinin bir litri sürücülərə 28 pesoya (təxminən 2 manat 60 qəpik) başa gəlir, eyni zamanda, bir sıra regionlarda dizel yanacağının qiyməti 30 pesoya (təqribən 2 manat 80 qəpik) qədər yüksəlib.

Ölkədə ən çox tələb olunan "Magna" markalı benzinin ("Regular" analoqu) bir litri 24 pesoya (təxminən 2 manat 30 qəpik) satılır.

Meksika Energetika Nazirliyinin və "Pemex" dövlət neft şirkətinin 2025-ci il üzrə hesabatına əsasən, ölkədə benzinin ümumi istehlakı sutkada təxminən 840 min barel təşkil edib.

Daxili istehsalın 22 % artmasına və gündəlik orta hesabla 390 min barelə çatmasına baxmayaraq, bu həcmlər tələbatın heç yarısını belə ödəmək üçün kifayət etmir.

Meksika əvvəlki kimi xaricdən gündə 446 mindən 529 min barelə qədər yanacaq alır ki, bu da daxili bazarın Yaxın Şərq münaqişəsinin səbəb olduğu dünya neft qiymətlərinin dalğalanmalarına qarşı yüksək həssaslığını şərtləndirir.

Son xəbərlər