Yaxın Şərqdə gərginlik ərzaq qiymətlərini artıra bilər

Yaxın Şərqdə gərginlik ərzaq qiymətlərini artıra bilər
Dünya 104

Yaxın Şərqdə artan gərginlik fonunda enerji daşıyıcılarının bahalaşması qlobal ərzaq bazarına da təsir göstərə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə İtaliyanın Corriere della Sera qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ərzaq qiymətlərinin yüksəlməsinə səbəb ola biləcək əsas amillərdən biri gübrə çatışmazlığıdır. Bildirilir ki, dünya bazarına çıxarılan gübrələrin təxminən 15 faizi məhz Yaxın Şərq regionunun payına düşür.

Məlumata əsasən, Fars körfəzi ölkələri gübrə istehsalı və ixracına görə dünyada ikinci yerdə qərarlaşıb və bu sahədə payı 14,4 faiz təşkil edir. Birinci yerdə isə 22,4 faizlə Rusiya qərarlaşıb. Qeyd olunur ki, regionda istehsal olunan gübrənin böyük hissəsi Hörmüz boğazı vasitəsilə daşınır. Hazırda isə bu marşrutda gəmiçilik fəaliyyəti ciddi şəkildə məhdudlaşıb.

Nəşr bildirir ki, gübrələrin əsas idxalçıları arasında Hindistan, ABŞ, Braziliya və Avstraliya yer alır. Müharibənin cəmi bir həftəsi ərzində bəzi gübrə növlərinin qiymətinin 26 faiz artdığı qeyd olunur.

Bununla yanaşı, azot tərkibli gübrə olan karbamidin qiyməti ötən ilin dekabr ayından bəri ümumilikdə 64 faiz yüksəlib. Enerji resurslarının bahalaşması ilə birlikdə gübrə qiymətlərinin artması ərzaq məhsullarının da bahalaşmasına səbəb ola bilər. Bu isə xüsusilə aztəminatlı ölkələrdə ərzağın əlçatanlığını daha da çətinləşdirə bilər.

Son xəbərlər