Türkiyə nüvə enerjili ilk sualtı qayığını hazırlayır: "NÜKDEN" layihəsi başlayıb

Türkiyə nüvə enerjili ilk sualtı qayığını hazırlayır: NÜKDEN layihəsi başlayıb
Dünya 58

Türkiyə tarixində bir ilkə imza atır. Türk Hərbi Dəniz Qüvvələri nüvə enerjisi ilə işləyən sualtı qayıq istehsalı üçün "NÜKDEN" adlı strateji layihəni rəsmi olaraq təqdim edib. Layihənin detalları İstanbulda keçirilən 12-ci Dəniz Sistemləri Seminarında açıqlanıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin Sualtı Donanması Komandanı Tuğamiral Timur Yılmaz layihənin təqdimatını həyata keçirərək, "NÜKDEN" adının "nüvə denizaltı" ifadəsinin qısaldılmış forması olduğunu bildirib. Layihə ilə bağlı əvvəlki açıqlamalarda Hərbi Dəniz Qüvvələri Komandanı Oramiral Ercüment Tatlıoğlu da nüvə sualtı qayığı planlarını ön plana çıxarmışdı.

Hal-hazırda davam edən "MİLDEN" (Milli Denizaltı) layihəsi ilə paralel həyata keçiriləcək "NÜKDEN", Türkiyənin dənizdəki manevr imkanlarını və caydırıcılıq gücünü ciddi şəkildə artıracaq. Tuğamiral Yılmaz deyib:
"Millətimizin təhlükəsizliyi, caydırıcılıq mövqeyimiz, maraq və təsir sahələrimizin genişliyi, habelə milli təyyarədaşıyan gəmi liderliyindəki missiya qruplarına dəstək üçün nüvə enerjili sualtı qayıq zəruridir."

Layihənin ən önəmli texniki hissəsi olan nüvə reaktorunun növü hələ müəyyən olunmayıb. Mühəndislik və texniki araşdırmalar davam edir. İndiyədək aparılan qiymətləndirmələrdə "ərimiş duz reaktoru" (MSR) variantı ön plana çıxıb. Bu tip reaktorlar kompakt quruluşu və dəniz platformalarına uyğunluğu ilə tanınır.

"NÜKDEN" təkcə hərbi deyil, elmi və sənaye baxımından da mühüm addımdır

Yılmaz qeyd edib ki, bu layihə yalnız hərbi məqsədlərə xidmət etmir, eyni zamanda Türkiyənin akademik və sənaye sektorunun da aktiv iştirakı ilə həyata keçirilir. Layihə çərçivəsində yerli istehsal qabiliyyətləri – tahrik və enerji sistemləri, nüvə texnologiyaları, peyk rabitəsi və döyüş idarəetmə sistemləri kimi sahələr inkişaf etdiriləcək.

Nüvə enerjili sualtı qayıqların əsas üstünlüyü onların aylarla su altında qalma qabiliyyətidir. Bu, onların hərbi əməliyyat məsafəsini və müddətini artırır. Sessiz və görünməz şəkildə hərəkət etmələri ilə təyyarədaşıyan gəmilərin təhlükəsizliyini təmin edə, lazım gəldikdə yüksək dəqiqlikli hücumlar həyata keçirə bilərlər. Beləliklə, Türkiyə "Mavi Vətən" strategiyası çərçivəsində Aralıq dənizi, Hind okeanı və Qırmızı dəniz kimi strateji bölgələrdə uzunmüddətli mövcudluq təmin edə bilər.

Hal-hazırda "NÜKDEN" layihəsi ilkin mərhələdədir və konkret bir tarix verilməyib. Bu layihə "MİLDEN"dən sonra həyata keçiriləcək. Qeyd edək ki, "MİLDEN" layihəsinə 2019-cu ildə start verilib və ilk təhvilat 2031-ci ilə planlaşdırılır. Bu təcrübə "NÜKDEN"in də təqribi zaman çərçivəsini göstərir.

Türkiyə daha öncə nüvə enerjili sualtı qayıq və ya dəniz platforması istehsal etmədiyi üçün bu sahədə reaktor dizaynı, təhlükəsizlik protokolları və enerji çevrilmə sistemləri kimi sahələrdə sıfırdan yeni bilik və texnologiyalar inkişaf etdirmək məcburiyyətindədir.

Ekspertlərə görə, nüvə enerjili sualtı qayıqlar sayəsində Türkiyə həm Aralıq dənizində, həm də daha uzaq dəniz bölgələrində dəniz gücünü əhəmiyyətli şəkildə artıracaq. Bu isə həm hərbi, həm də geosiyasi baxımdan ölkəyə ciddi üstünlüklər qazandıracaq.

Layihənin həyata keçməsi ilə Türkiyə, ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Hindistandan sonra nüvə tahrikli sualtı qayıqlara sahib olan ölkələr siyahısına daxil olacaq.

Son xəbərlər