TikTok depressiya iddiasına görə yeniyetmə ilə barışığa gedib
"TikTok" ABŞ-nin Florida ştatında yaşayan 15 yaşlı yeniyetmənin qaldırdığı məhkəmə iddiası üzrə barışıq sazişi bağlamağa razılaşıb.
BAKU.WS "Reuters" agentliyinə istinadən xəbər verir ki, yeniyetmə platformadan uzun müddət istifadə etməsinin onda depressiya və narahatlıq yaratdığını iddia edib.
İddiaçı TikTok-dan 8 yaşından istifadə etməyə başladığını bildirib. Onun sözlərinə görə, zaman keçdikcə qısa videolara o qədər aludə olub ki, yuxu rejimi pozulub, nəticədə depressiya və təşviş halları ilə üzləşib.
Yeniyetmənin vəkilinin sözlərinə görə, tərəflər barışıq əldə etmək barədə razılığa gəlsələr də, sazişin detalları hələ tam müəyyənləşdirilməyib.
Maraqlıdır ki, ilkin məhkəmə iddiasında təkcə "TikTok" deyil, "YouTube", "Instagram" və "Snapchat" da cavabdeh qismində göstərilib. "YouTube" iyun ayında iddiaçı ilə barışıq sazişi bağlayıb. "Meta" (Instagram) və Snapchat-a qarşı qaldırılan iddialara isə iyulun 27-də məhkəmədə baxılacaq.
Mütəxəssislər uzun müddət sosial şəbəkələrdən və digər rəqəmsal platformalardan fasiləsiz istifadə etməyin psixi sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirirlər. Onların sözlərinə görə, ekran qarşısında həddindən artıq vaxt keçirmək yuxu keyfiyyətini aşağı salır, əhval-ruhiyyəyə mənfi təsir edir və idrak qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.
Oxşar xəbərlər
Venesuelada 3 yaşlı uşaq zəlzələdən 6 gün sonra dağıntılar altından sağ çıxarıldı
Venesuelada baş verən dağıdıcı zəlzələlərdən altı gün sonra dağıntılar altından 3 yaşlı oğlan uşağı sağ xilas edilib. BAKU.WS xəbər verir ki, İordaniyadan olan...