Sarkozi: Barmaqlıqlar arxasına keçən sabiq prezident deyil, günahsız insandır

Fransanın sabiq prezidenti Nikola Sarkozi 2007-ci ildə Liviyanın maliyyə dəstəyi ilə seçki kampaniyasını qanunsuz şəkildə maliyyələşdirmək ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilərək Parisdəki "Sante" həbsxanasına gətirilib.
BAKU.WS-in məlumtına görə, həbsə girməzdən öncə verdiyi son açıqlamada o, "barmaqlıqlar arxasına keçən sabiq prezident deyil, günahsız insandır" deyib.
Onun vəkilləri isə əmindirlər ki, Sarkozi artıq Milad bayramına qədər azadlığa buraxılacaq.
Məlumata görə, 70 yaşlı keçmiş prezident təkadamlıq kamerada saxlanılacaq. Vəkili Kristofer İnqrenin sözlərinə görə, bu qərar onun təhlükəsizliyi ilə bağlı verilib, çünki Sarkozi əvvəllər fiziki təhlükə ilə bağlı təhdidlər alıb.
Ona gündə bir saat gəzinti imkanı veriləcək, həmçinin radio və yazı alətləri saxlamaq hüququ olacaq. Vəkil bildirib ki, Sarkozi "başına gələn ədalətsizliyi və bu təcrübəni yazmaq" niyyətindədir.
O, 11 kvadratmetrlik təkadamlıq kamerada qalacaq. Pəncərəsi açılmayan kamerada kiçik bir televizor olacaq, lakin mobil telefon istifadəsi qadağandır. Həbsxanaya gətirildikdən sonra ona daxili qaydalarla bağlı məlumat veriləcək, şəxsiyyəti təsdiqlənəcək, barmaq izləri götürüləcək və foto çəkiləcək. Daha sonra ona "məhbus nömrəsi" veriləcək - bu nömrə onun həbsxanadakı şəxsiyyət vəsiqəsi rolunu oynayacaq.
Makronla görüş və xalqın dəstəyi
Həbs olunmazdan əvvəl Sarkozi Fransa Prezidenti Emmanuel Makronla gizli görüş keçirib. Le Figaro-nun məlumatına görə, görüş Yelisey sarayında baş tutub və bir saatdan çox davam edib. Makron məhkəmə qərarına rəsmi reaksiya verməyib, lakin Sarkozinin dərhal həbs edilməsinin məqsədəuyğunluğu barədə şübhələrini ifadə edib.
Oktyabrın 21-də səhər saatlarında sabiq prezident evindən çıxaraq həyat yoldaşı, model Karla Bruni ilə vidalaşıb və onu öpərək polis avtomobilinə minib. Evinin qarşısına toplaşan tərəfdarları Fransa bayraqları ilə "Nikolya, tez qayıt!" şüarları səsləndiriblər.
Yol boyu o, "X" sosial şəbəkəsində son açıqlamasını paylaşaraq "barmaqlıqlar arxasına keçən sabiq prezident deyil, günahsız insandır" sözlərini yazıb.
O, həbsdə nə qədər qalacaq?
Sentyabrın 25-də məhkəmə Nikola Sarkozini 2007-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işi üzrə təqsirli bilərək beş il müddətinə azadlıqdan məhrum edib. Lakin vəkilləri Jan-Mişel Darrua və Kristofer İnqren hesab edirlər ki, apellyasiya məhkəməsi onun azadlığa buraxılması barədə qərar verəcək və bu, Milad bayramına qədər baş tuta bilər.
İnqren bildirib ki, Paris Apellyasiya Məhkəməsinin bu cür işlər üzrə qərar verməsi adətən bir ay çəkir.
Vəkil əlavə edib ki, bu sınaq Sarkozi üçün ağır olsa da, o, hadisələrə başıuca yanaşır və günahsızlığını sübut etmək əzmi ilə yaşayır.
https://www.gazeta.ru/politics/2025/10/21/21894146.shtml?updated#rprecord=eyJpZCI6InJlY29yZDo6NDU2Y2E2ZDYtZjVkOC00Y2JiLWFhYTktZGNmMzk2ZmZhZWMzIiwicmVjb3JkSWQiOiJyZWNvcmQ6OjQ1NmNhNmQ2LWY1ZDgtNGNiYi1hYWE5LWRjZjM5NmZmYWVjMyJ9
Oxşar xəbərlər
Ermənistanın Suriyadakı səfiri etimadnaməsini Əhməd əş-Şaraaya təqdim edib
Ermənistanın Suriyadakı səfiri Ruben Xarazyan etimadnaməsini bu ölkənin keçid dövrü Prezidenti Əhməd əş-Şaraaya təqdim edib. BAKU.WS "Report"a istinadən xəbər v...
