Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib
Rusiya iyunun 12-dən etibarən Ermənistandan göndərilən və karantin nəzarətinə aid edilən bütün məhsulların ölkəyə idxalını, eləcə də bu məhsulların Rusiya ərazisindən keçməklə Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə tranzitini məhdudlaşdıracaq.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
Qurumun açıqlamasına görə, məhdudiyyətlər məhsulların təhlükəsizliyini və izlənilməsini təmin edəcək konkret mexanizm hazırlanıb tətbiq edilənədək qüvvədə qalacaq.
"Rosselxoznadzor" bildirib ki, qərarın qəbul edilməsinə səbəb Ermənistan mənşəli məhsullarda karantin obyektlərinin mütəmadi aşkarlanması olub. Qeyd olunub ki, bu ilin may ayından etibarən Ermənistanın bəzi karantin nəzarətində olan məhsullarına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edilib və tədarük qaydalarının pozulması ilə bağlı Ermənistan tərəfinə dəfələrlə rəsmi bildiriş göndərilib.
Buna baxmayaraq, iyun ayında Ermənistandan gətirilən qoz-fındıq, qurudulmuş şaftalı və qurudulmuş pomidorda kapr böcəyi aşkarlanıb. Ümumilikdə üç yoluxma faktı qeydə alınıb.
Xatırladaq ki, Rusiya daha əvvəl də Ermənistandan bir sıra məhsulların idxalına məhdudiyyətlər tətbiq edib. Belə ki, mayın 22-dən güllərin, mayın 23-dən bəzi iri Ermənistan istehsalçılarının alkoqollu məhsullarının, mayın 30-dan pomidor, xiyar və çiyələyin idxalı dayandırılıb. İyunun 2-dən isə albalı, gilas, gavalı, şaftalı, nektarin və üzümün Rusiyaya gətirilməsinə qadağa qoyulub. Bundan əlavə, balıq və balıq məhsullarının tədarükünə də analoji məhdudiyyətlər tətbiq olunub.
Oxşar xəbərlər
Venesuelada hantavirus can aldı: 3 nəfər həyatını itirdi
Venesuelanın şərqində hantavirus infeksiyası səbəbindən üç nəfər vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə Venesuela Səhiyyə Nazirliyi məlumat yayıb. Bildir...