Qiyamət saatı 89 saniyəyə endirildi: Fəlakətə ən yaxın nöqtə

Qiyamət saatı 89 saniyəyə endirildi: Fəlakətə ən yaxın nöqtə
Dünya 235

ABŞ mərkəzli, qeyri-kommersiya təşkilatı olan Atom Alimləri Bülleteni (Bulletin of Atomic Scientists) tərəfindən müəyyən edilən Qiyamət Saatı, 89 saniyəyə endirilib.

BAKU.WS xəbər verir ki, bu, saatın 1947-ci ildə yaradılmasından bəri qeydə alınan ən təhlükəli səviyyə hesab olunur.

Qiyamət Saatı qlobal təhdidlərin səviyyəsini simvolik olaraq göstərmək üçün Manhattan Layihəsində iştirak edən alimlər tərəfindən yaradılıb.

Başlanğıcda gecə yarısına 7 dəqiqə qalmış olaraq təyin edilən saat, 1949-cu ildə nüvə müharibəsi riskinin artması ilə 3 dəqiqəyə, 1991-ci ildə isə Soyuq Müharibənin sona çatması ilə 17 dəqiqəyə qədər geri çəkilmişdi.

Son illərdə artan qlobal böhranlar səbəbindən saat yenidən irəli çəkilir.

2024-cü il dönüş nöqtəsi oldu

Atom Alimləri Bülleteni, 2024-cü ilin dərinləşən qlobal böhranlarla yadda qaldığını və saatın daha da irəli çəkilməsinə təsir etdiyini bildirib.

İqlim dəyişikliyi: 2024-cü il sənaye dövründən əvvəlki dövrlə müqayisədə qlobal istiliyin ilk dəfə 1,5°C-ni aşdığı və ən isti il olaraq qeydə alındığı il oldu.

Münaqişələr: Ukrayna müharibəsi üçüncü ilinə daxil oldu, Yaxın Şərqdə qarşıdurmalar daha da gərginləşdi və nüvə silahına sahib olan ölkələr arsenalını genişləndirməyə davam etdi.

Səhiyyə böhranı: Dünyada sürətlə yayılan yüksək yoluxucu quş qripi virusu (HPAI) kənd təsərrüfatı heyvanlarına, süd məhsullarına və insanlara keçərək yeni bir qlobal pandemiya riskini artırdı.

Yanlış məlumat və süni intellekt təhlükələri artırır

Alimlər bu təhdidlərlə yanaşı, yanlış məlumatların yayılmasının və süni intellektin təsirinin də qlobal riskləri artırdığını vurğulayırlar.

Süni intellekt dəstəyi ilə yayılan dezinformasiyanın, elmi həqiqətləri və insan haqlarını görməməzliyə vuran liderləri cəsarətləndirdiyi bildirilir.

ABŞ, Çin və Rusiyanın nüvə silahları ilə dünyanı məhv etmə potensialına sahib olduğu və bu ölkələrin qlobal təhlükəsizliyi qorumaq məsuliyyəti daşıdığı qeyd olunur.

Bəzi ekspertlər Qiyamət Saatının siyasi bir vasitə olduğunu və bu simvolik vaxtın subyektiv şəkildə təyin edildiyini iddia etsələr də, Atom Alimləri Bülleteni bunun qorxu yaratmaq deyil, hərəkətə keçmək məqsədi daşıdığını bildirir.

Kolumbiyanın keçmiş prezidenti və Nobel Sülh Mükafatı laureatı Juan Manuel Santos, panelin mətbuat konfransında "Doğru qərarlar qəbul etmək və Qiyamət Saatını geri çəkmək üçün hələ vaxt var. Kolumbiyada belə bir ifadə var: "Hər saniyə önəmlidir." Elə isə, hər saniyəni ağılla istifadə edək" sözlərini işlədib.

Son xəbərlər