Qəzzada atəşkəs 969 dəfə pozulub: yüzlərlə mülki şəxs həyatını itirib

Qəzzada atəşkəs 969 dəfə pozulub: yüzlərlə mülki şəxs həyatını itirib
Dünya 17

Qəzza zolağında 2025-ci il oktyabrın 10-dan qüvvəyə minmiş razılaşmadan sonra İsrail tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulduğu bildirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Fələstin anklavı hakimiyyətinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Açıqlamaya görə, razılaşmanın qüvvədə olduğu dövrdə İsrail tərəfindən ümumilikdə 969 pozuntu qeydə alınıb. Bunların 455-i hava və artilleriya zərbələri, 298-i isə dinc fələstinlilərə və onların yaşayış evlərinə atəş açılması ilə bağlıdır. Həmçinin yaşayış və inzibati binaların zədələnməsi və ya tamamilə dağıdılması, eləcə də İsrail hərbi texnikasının Qəzza zolağının müxtəlif bölgələrinə daxil olması faktları da bu siyahıya daxildir.

Məlumata əsasən, baş verən hadisələr nəticəsində indiyədək 418 fələstinli həlak olub, 1 140-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəzza hakimiyyəti İsraili razılaşmalara baxmayaraq, humanitar yardımın anklava çatdırılmasına mane olmaqda ittiham edib. Bildirilib ki, əhalinin minimum ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan humanitar yüklərin cəmi təxminən 42 faizi Qəzza ərazisinə daxil olub. Bu səbəbdən bölgədə ərzaq, dərman, içməli su və yanacaq qıtlığı hələ də ciddi problem olaraq qalır.

Qeyd olunub ki, qış mövsümünün başlaması və havaların soyuması onsuz da ağır olan humanitar vəziyyəti daha da çətinləşdirir.

Son xəbərlər